Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasından 90 il ötür-Fotolar
11.03.2015 542 0.0 0

Azərbaycan milli kino və teatr səhnəsində təkrarolunmaz obrazlar yaratmış görkəmli sənətkar, Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasından 90 il ötür. Martın 11-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət etdilər.
Qazeta.info Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadla bildirir ki, mərasimdə çıxış edən Ədalət Vəliyev görkəmli sənətkarın həyat və yaradıcılığına nəzər saldı: "Azərbaycan mədəniyyəti tarixində silinməz izlər qoymuş Bəşir Səfəroğlu qısa və mənalı ömür yaşayıb, sənət həyatında unudulmaz obrazlar yaradıb. İndinin özündə də elə bir Azərbaycan ailəsi tapılmaz ki, Bəşir Səfəroğlunun oynadığı filmləri, teatr tamaşalarını görəndə üzlərində sevinc, təbəssüm yaranmasın".
Bu gün Azərbaycan teatrının inkişafı üçün dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini deyən Ədalət Vəliyev vaxtilə Bəşir Səfəroğlunun çalışdığı Azərbaycan Dövlət Musiqili Teatrının da dünyanın ən yaxşı teatrları ilə müqayisə edilə biləcək səviyyədə təmir olunduğunu bildirdi: "142 yaşlı peşəkar Azərbaycan teatrı özünün zəngin ənənələri ilə öz fəaliyyətinin davam etdirir".
Nazir müavini Bəşir Səfəroğlunun 90 illik yubileyi ilə bağlı bir sıra tədbirlərin planlaşdırıldığını diqqətə çatdırdı, görkəmli aktyorun sənətinin bu gün də yaşadığını, onun yadigarı Afaq Bəşirqızının atasının sənət yolunu şərəflə davam etdirdiyini vurğuladı.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Xalq artisti Tariyel Qasımov, Əməkdar jurnalist Flora Xəlilzadə, "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov və digər çıxış edənlər Bəşir Səfəroğlu haqqında fikirlərini bölüşdülər, onun xatirəsinin daim Azərbaycan tamaşaçısının qəlbində yaşayacağını bildirdilər.
Xalq artisti Afaq Bəşirqızı atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə hər kəsə dərin minnətdarlığını bildirdi: "Bəşir Səfəroğlu Tanrının ona verdiyi böyük istedadla, yaratdığı obrazları ilə daim yaşayacaq. O, 44 yaşında dünyadan getdi, amma indi onun 90 yaşını qeyd edirik. Bəşir Səfəroğlu mənim üçün həmişə gəncdir və bu həmişə belə olaraq qalacaq". 
Sonda böyük aktyorun xatirəsi alqışlarla yad olunub.

 

 

 

 


Digər xəbərlər:
Şərhlər
avatar