Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib
19.10.2016 526 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Hüseynov çıxış edərək beş gündür cərimə təcridxanasında saxlandığını, bunun səbəbini bilmədiyini deyib.

 

Daha sonra iclasda şahid qismində hazırda həbsdə olan Rasim Bünyatov ifadə verib.

 

O bildirib ki, çörək alıb evə qayıdan zaman polislərin Əbülfəz Bünyatovun evinə daxil olduqlarını görüb: "Onlar güllə atırdılar. Nəsə atdılar, partladı, tüstü qalxdı. Sonra bizi tutub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər".

 

Ə. Bünyatov ibtidai istintaq zamanı ifadələrində isə göstərib ki, Taleh Bağırov əmisi oğlu Əbülfəz Bünyatovun evinə yığışıb moizələr deyib, o da həftədə 1 dəfə əmisi oğlu Əbülfəzin evinə gedərək Taleh Bağırovun moizələrini dinləyib. Həmin vaxt Taleh Bağırov siyasi çıxışlar edərək gələn şəxslərə bildirib ki, dövləti bu formada idarə etmək onları və milləti məhvə aparacaq, bu səbəbdən də dövlətin idarəçilik sistemi dəyişdirilməli və dinə uyğun bir quruluş əsasında strukturlar yaradılmalı, bu formada idarə olunmalıdır. Talehin mühafizəçisi olan Hüseynov Abbas Məmmədbağır oğlu və Babayev Əkbər Nazim oğlu silah və sursat paylayıb və 26 noyabr 2015-ci il tarixdə həmin şəxslər ona zorla bir ədəd əl qumbarası veriblər. Həmin əl qumbarasını götürmək istəməsə də, sonradan tullamaq və ya polis əməkdaşlarına vermək fikri ilə, məcburən həmin qumbaranı götürüb.

 

Daha sonra iclasda şahid, hazırda həbsdə olan Ürfan Nəbizadə ifadə verib.

 

Ü. Nəbizadə vəkillərin suallarına cavab olaraq deyib ki, polislər onun evinə axtarışa gələn zaman hər hansı sənəd təqdim etməyiblər. Axtarış zamanı evindən aşkar olunan qumbara və güllələrin silah-sursatın da ona məxsus olmadığını deyib.

 

Nəbizadə Ürfan Feyyaz oğlu ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərib ki, Taleh Bağırovu 2015-ci ilin sentyabr ayında Nardaran qəsəbəsində yerləşən “Hacı Baxış” məscidindən moizə oxuyarkən tanıyıb. Əbülfəz Bünyatovun evində olan zaman Taleh Bağırovun ən yaxın tərəfdarlarından olan Abbas adlı şəxs ona sellofan torbanın içərisində 1 ədəd alışqan ilə birgə «RQD-5» tipli, 1 ədəd alışqanı ilə birgə «F-1» tipli əl qumbaraları, 9 ədəd 7,62 mm kalibrli patronlar və iki ədəd Taleh Bağırovun müraciəti başlıqlı kitabçalar verib saxlamasını xahiş edib.

 

Sonra vəkil Yalçın İmanov hadisə zamanı yaralanan Bəhruz Quliyev, Şamil Abduləliyev və digərlərinin xəstəxanaya qəsəbə sakinləri tərəfindən aparıldığını deyib, bununla bağlı fotoşəkli məhkəməyə təqdim edib. O, şəklin cinayət işinin materiallarına əlavə edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

 

Daha sonra vəkil Fariz Namazlı işdə zərərçəkmiş kimi tanınan polis əməkdaşlarının zərərçəkmiş statusuna xitam verilməsini istəyib.

 

Vəsatətə münasibət bildirən dövlət ittihamçısı deyib ki, bu məsələ bir neçə dəfə müzakirə edilib və o, öz münasibətini bildirib: “Yenə də vəkillər hüquqlarından istifadə edib vəsatəti müzakirəyə çıxarıblar. Mən də əvvəlki mövqeyimdə qalıram. İstintaq orqanı belə qənaətə gəlib ki, onlara zərər dəyib. Hələ bütün sübutlar araşdırılmayıb. Bu məsələ hazırda müzakirə mövzusu ola bilməz. Əgər bu məsələ ilə bağlı qərar qəbul edilsə, məhkəmə  müəyyən məsələlərə münasibət bildirmiş olacaq”.

 

Məhkəmə vəsatəti təmin etməyib. Bildirilib ki, hazırkı mərhələdə bununla bağlı qərar vermək düzgün deyil. Hakim deyib ki, bütün sənədlər araşdırıldıqdan sonra vəsatəti yenidən vermək olar.

 

Daha sonra iclasda şahid qismində Sabunçu RPİ-nin PPX-nin əməkdaşı işləmiş Cəsarət Məhərrəmov ifadə verib. O, 2015-ci il noyabrın 5-də bir qrup şəxsin Sabunçu RPİ-nin binasının qarşısına toplaşaraq Elçin Qasımovun azadlığa buraxılmalarını tələb etdiyini deyib.

 

C. Məhərrəmov prokurorun suallarına cavab olaraq bildirib ki, polisə qarşı hər hansı qanunsuzluğun şahidi olmayıb. Vəkillərin suallarının çoxuna isə “yadımda deyil” cavabını verib. Bu isə vəkillərin etirazına səbəb olub. Vəkil Nemət Kərimli deyib ki, şahid məhkəməyə hörmətsizlik edir. Hakim şahidə suallara düzgün cavab verməklə bağlı xəbərdarlıq edib.

 

O, istintaq zamanı ifadəsində isə 5 noyabr 2015-ci il tarixdə saat 22 radələrində təxminən 100-150 nəfər kişi cinsli, əsasən Nardaran-Maştağa kənd sakinlərinin Sabunçu RPİ-nin inzibati binasının qarşısına toplaşaraq idarəyə gətirilmiş Elçin Qasımovun buraxılmasını hədə-qorxu və aqressiv şüarlarla tələb etmələrini, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq inzibati binaya hücum etməyə, əllərindəki daş, dəmir parçalarını polis əməkdaşlarına tərəf atdıqlarını, bir neçə polis əməkdaşının xəsarət aldığını, köməyə gəlmiş çevik polis alayının əməkdaşlarının birgə əməliyyat tədbiri ilə iğtişaşın qarşısını aldıqlarını, fəal şəxslərin tutularaq polis idarəsinə təhvil verildiyini göstərib.

 

Daha sonra iclasda Sabunçu rayon Polis İdarəsinin əməkdaşı olmuş Ağamir İbrahimov ifadə verib. O da noyabrın 5-də bir qrup şəxsin idarənin qarşısına toplaşdıqlarını deyib. Bildirib ki, bir neçə əməkdaş xəsarət alıb. Həmin vaxt idarədə şəxsi heyət az olduğundan Çevik Polis Alayını köməyə çağırıblar.

 

Sabunçu RPİ-nin CAŞ-nın axtarış üzrə əməliyyat müvəkkili İbrahimov Ağamir Güllər oğlu ibtidai istintaqa ifadəsində 5 noyabr 2015-ci il tarixdə Sabunçu rayon polis idarəsinin qarşısında iğtişaş törədənlərdən 50-55 yaşlı, burnu əyri olan və sonradan adının Niftəli olduğunu bildiyi şəxsin daha fəal olaraq şüarlar səsləndirdiyini və polisə müqavimət göstərdiyini deyib.

 

Daha sonra prosedə şahid qismində Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Yusif Qurbanov ifadə verib. O deyib ki, 2015-ci il noyabrın 5-də ərazidə xidmət aparan zaman Elçin Qasımovun məsciddən çıxıb evlərinə getdiyini görüb. E. Qasımov ona söyüb. Bundan sonra o, E. Qasımovu saxlayaraq idarəyə gətirib.

 

Y. Qurbanov ibtidai istintaq zamanı ifadəsində bildirib ki, 5 noyabr 2015-ci il tarixdə Emin Babayevlə birlikdə Albalılıq bağ sahəsində Əbülfəzağa məscidinin ətrafında xidmətdə olarkən saat 20 radələrində Elçin Qasımov məsciddən çıxaraq, küçə söyüşləri ilə uca səslə onların və ümumi hakimiyyətin ünvanına nalayiq ifadələr işlətməyə başlayıb. Onu sakitliyə dəvət etsələr də, buna məhəl qoymadığı və onların qanuni tələblərinə riayət etməyərək əl-qol hərəkətləri ilə müqavimət göstərdiyi üçün onu Eminin avtomaşınına oturdub birbaşa rayon polis idarəsinə gətirib və raportla rəisin adına baş vermiş xuliqanlıq və onlara qarşı müqavimət barədə məruzə ediblər. Üzərindən bir müddət keçmiş polis idarəsinin qarşısında səs-küy yaranıb. E. Qasımovun tərəfdaşları idarənin qarşısına yığılıb şüarlar səsləndirib, bu vaxt polislər onlara səsgücləndirici ilə xəbərdar edib, dağılışmalarını tələb etdikdə Elçin Qasımovun tərəfdaşları polisə və idarənin inzibati binasına tərəf daş və şüşə parçaları atmağa başlayaraq iğtişaş törədiblər.

 

Taleh Bağırov isə şahidin düzgün ifadə vermədiyini bildirib.

 

Proses oktyabrın 21-də davam edəcək.

 

 

***

 

saat 14.19

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Hüseynov çıxış edərək beş gündür cərimə təcridxanasında saxlandığını, bunun səbəbini bilmədiyini deyib.

 

Daha sonra iclasda şahid qismində hazırda həbsdə olan Rasim Bünyatov ifadə verib.

 

O bildirib ki, çörək alıb evə qayıdan zaman polislərin Əbülfəz Bünyatovun evinə daxil olduqlarını görüb: "Onlar güllə atırdılar. Nəsə atdılar, partladı, tüstü qalxdı. Sonra bizi tutub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər".

 

Daha sonra iclasda şahid, hazırda həbsdə olan Ürfan Nəbizadə ifadə verib.

 

Ü. Nəbizadə vəkillərin suallarına cavab olaraq deyib ki, polislər onun evinə axtarışa gələn zaman hər hansı sənəd təqdim etməyiblər. Axtarış zamanı evindən aşkar olunan qumbara və güllələrin silah-sursatın da ona məxsus olmadığını deyib.

 

Sonra vəkil Yalçın İmanov hadisə zamanı yaralanan Bəhruz Quliyev, Şamil Abduləliyev və digərlərinin xəstəxanaya qəsəbə sakinləri tərəfindən aparıldığını deyib və bunu sübut edən fotoşəkli məhkəməyə təqdim edib. O, şəklin cinayət işinin materiallarına əlavə edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

 

Daha sonra vəkil Fariz Namazlı işdə zərərçəkmiş kimi tanınan polis əməkdaşlarının zərərçəkmiş statusuna xitam verilməsini istəyib. Hakim bildirib ki, məhkəmə vəsatəti müzakirə edəcək.

 

Proses günün ikinci yarısında davam edəcək.

 

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

 

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar