Rəsmi Ankara Azərbaycan səfirliyinin təhlükəsizliyi ilə bağlı tədbirləri gücləndirdi
17.03.2016 374 0.0 0

Martın 13-də Türkiyədə törədilən terror aktından sonra Azərbaycanın Ankaradakı səfirliyinin təhlükəsizliyi ilə bağlı tədbirlər daha da gücləndirilib. Bu barədə Azərbaycanın Ankara səfirliyinin konsulu Şöhrət Mustafayev məlumat verib. Onun sözlərinə görə, martın 13-də baş verən terror aktından sonra səfirlik  gücləndirilmiş iş rejimində çalışır: “Reuters” xəbər agentliyinin martın 17-də Ankarada yenidən terror törədilə biləcəyi barədə xəbərindən sonra təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Hazırda terror təhlükəsinə qarşı bütün mümkün qabaqlayıcı tədbirlər görülür”, - deyə Şöhrət Mustafayev əlavə etdi.
”Reuters” xəbər agentliyi Ankarada yenidən terror törədilə biləcəyi barədə xəbər yayıb. Məlumatdan  sonra Almaniya Türkiyədəki rəsmi qurumlarının fəaliyətini dərhal dayandırıb. Almaniyanın Xarici İşlər Nazirliyi açıqlama verərək bildirib ki, rəsmi Berlin  belə bir addımı Ankarada baş verə biləcək mümkün terror təhlükəsi səbəbindən atıb. Bildirilir ki, adıçəkilən dövlətin İstanbuldakı səfirliyi ilə yanaşı konsulluğu və Alman liseyləri də fəaliyyətini  müvəqqəti dayandırıb.

Lisey şagirdlərinin valideynlərinə isə mesaj göndərilib. Göndərilən mesajda, konsulluqdan gələn təhlükəsizlik tapşırığı səbəbindən məktəbdəki təhsilə bu günlük ara verildiyi bildirilib.

 

Ankaradakı Almaniya Konsulluğunun qapısına asılmış elan

 Martın 13-də Ankarada baş verən partlayış nəticəsində ölənlərin sayı 37, yaralananların sayı isə 125 nəfərə çatıb. Ölkənin səhiyyə naziri Mehmet Müezzinoğlunun sözlərinə görə, hazırda xəstəxanalarda 71 yaralı var. Onlardan 15-nin vəziyyəti ağırdır. Bu, Ankarada son bir ayda baş verən ikinci terror aktıdır. Digər hadisə fevral ayının 17-də törədilib.

İçərisində hərbçilər olan avtobusun partladılması nəticəsində 28 nəfər ölüb. Onlarla insan yaralanıb. Ümumiyyətlə isə bu, son 5 ayda paytaxtda törədilən 3-cü terror aktıdır. Ümumilikdə, bu hadisələr nəticəsində 180-ə yaxın insan ölüb.

 Ankaranın mərkəzində özünü partlatmış terrorçunun ailəsi ötən gün Şanlıurfa şəhərində saxlanaraq dindirilib. Səhər Çağla Dəmirin atası qızıyla çoxdan görüşmədiyini iddia edib. Ankara mərkəzində digər bir terrorçu-intiharçı ilə birlikdə minalanmış maşında özünü partlatmış tələbə qızın atası 2013-cü ildən qızıyla ünsiyyət saxlamadığını qeyd edib. Onun sözlərinə görə, Səhər Çağla Dəmir onun uşaqları arasında universitetə oxumağa yola düşmüş tək övladıdır. “Bizə polis gəldi və bizi xəstəxanaya apardılar. Burada DNK  testini etdilər. Əgər terroru həqiqətən qızım törədibsə, onun cənazəsini qəbul etməyəcəm”, - deyə terrorçunun atası bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar