Əflatun Amaşov bəzi qanunlara təklif olunan dəyişiklikləri şərh edib
20.02.2017 677 0.0 0

“Hər iki qanuna dəyişiklik ümumən internet məkanımızda zəruri tənzimləməni aparmağa xidmət edir. Dəyişikliklər bu sahədə hüquqi tənzimləmə işlərinin aparılması ilə bağlı irəliyə doğru atılmış mühüm addımlardır. İnanıram ki, qanun layihələri parlamentin plenar iclasında qəbul olunacaq”.

 

Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara təklif olunan dəyişiklikləri APA-ya şərh edərkən deyib.

 

Ə. Amaşov bildirib ki, hər iki layihədə nəzərdə tutulan dəyişikliklər ümumən internet məkanda görüləcək işləri tənzimləmək baxımından bir növ bir-birini tamamlayır: “Əlbəttə, internet məkanımızda tənzimləmə informasiya təhlükəsizliyimiz baxımdan önəmlidir. Media ictimaiyyəti olaraq bizlər neçə illərdir bunu bildiririk. Konkret olaraq hüquqi mexanizmlərin işə salınmasının zəruriliyini vurğulayırıq. Hesab edirəm ki, məsələnin reallaşmamasından ən çox əziyyət çəkən jurnalistikadır. Çünki internetin inkişafının ortaya çıxardığı mənzərə əsasən internet media orqanlarının timsalında özünü göstərir. Onlar digər ixtisaslaşmış sahələr üzrə fəaliyyət göstərən saytlardan daha çox cəmiyyətə xitab edirlər. Müsbət təsirləri olduğu kimi, mənfi təsirləri də hər zaman aktual əhəmiyyət daşıyır. Reallıq bundan ibarətdir ki, mənfi təsirlərin doğurduğu ictimai qınaq bir qayda olaraq ümumilikdə mediaya ünvanlanır. Çox zaman qurunun oduna yaş da yanır. Buna görə də hesab edirəm ki, dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssübünü çəkən adamlar üçün faydalıdır”.

 

MŞ sədri fikirlərini konkret olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin 2-ci maddəsi üzərində cəmləşdirib: “Həmin maddə qanun üzrə əsas anlayışları nəzərdə tutur. Burada mühüm əhəmiyyət daşıyan dəyişiklik qanuna internet informasiya ehtiyatı, internet informasiya ehtiyatının sahibi, domen adı, domen adının sahibi, internet provayder, host provayder, domen adlarının milli inzibatçısı, domen adlarının qeydiyyatçısı anlayışlarının əlavə edilməsidir. Bu qanunun 6-cı, 11-ci, 13-cü, 18-ci, 19-cu, 20-ci maddələrinin müxtəlif hissələrindəki dəyişiklik isə informasiyanın mülkiyyətçisi ilə yanaşı onun sahibi məsələsini də hüquqi münasibətlər sisteminə daxil edir. Bütün bunlar ümumən internet məkanın idarə edilməsində məsuliyyəti ön plana çıxaran məsələlərdir. Dünyanın bir çox qabaqcıl ölkələrində bu yol gedilib”.

 

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna III-I fəslin əlavə edilməsi də nəzərdə tutulur. Deputat bununla bağlı da vacib məqamların olduğunu diqqətə çatdırıb: “III-I fəsil “İnternet informasiya ehtiyatları” adlanır. Burada internet informasiya ehtiyatının yaradılması və uçotu, həmçinin internet informasiya ehtiyatında informasiyanın yayılması, yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması, həmin informasiyanın yerləşdirilməsi ilə əlaqədar məsuliyyət məsələlərinə diqqət yetirilir. İlk növbədə “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadə qaydalarının, habelə domen adlarının reyestrinə daxil edilən məlumatların müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilməsidir. İkinci məsələ əslində bildiyimiz məsuliyyət növlərinin də qanuna daxil edilməsidir. Məsələn, biz hər zaman gileylənirik ki, müəyyən saytlarda rekvizitlər yoxdur, yaxud yanlış göstərilib. Əlavələr nəticəsində bu problem aradan qalxacaq. Digər məqama diqqət yetirək. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi üçün hansı fəaliyyət məhdudiyyətləri var? Bilirik ki, yayılması qadağan edilən informasiyalar var. Bu informasiyalar dünyanın bütün ölkələrində demək olar eyni təbiətə malikdir. Deyək ki, zorakılıq, dini ekstremizm, milli, irqi ədavət təbliğ edilməməlidir, dövlət sirri təşkil edən, təhqir və böhtan, şəxsi həyatın toxunulmazlığını pozan və sair bu qəbildən olan informasiyalar yayılmamalıdır. İndi məsələ bilavasitə qanuni müstəviyə daşınır. Qeyd edilənlər yalnız media üçün olan tələblər deyil. Ancaq iş belə gətirib ki, onlar internet medianın fəaliyyəti baxımından daha aktualdır. Qeyd etdiyim kimi, internet media, müxtəlif istiqamətli saytlardan daha geniş auditoriyaya hesablanır”.

 

Ə. Amaşov qeyd edib ki, qanun layihəsi internet informasiya ehtiyatlarında təhlükəsizliyin təmin edilməsi məqsədilə irəli sürülür.

 

“Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsinə gəlincə, MŞ sədri burada əsas məsələlərin internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılmasından, operatorların və provayderlərin vəzifələrinin dəqiqləşdirilməsindən, həmçinin telekommunikasiya fəaliyyəti sahəsində hüquqpozmalara görə məsuliyyət dairəsinin genişləndirilməsindən ibarət olduğunu vurğulayıb: “Bilirsiniz ki, ölkədə kibertəhlükəsizliyin təmin olunması, kiberhücumlara qarşı mübarizə aktual səciyyə daşımaqdadır. Bu dəyişiklik əslində həmin zərurətdən irəli gəlir. Bir daha bildirirəm ki, hər iki qanun layihəsi dövrün tələbindən irəli gəlir. Olduqca mütərəqqi mahiyyət daşıyır. Əlbəttə, müəyyən məqamları bir qədər də dəqiqləşdirmək mümkündür. Hesab edirəm ki, plenar iclasda layihələr daha geniş müzakirə olunacaq”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar