MÜBARİZ İBRAHİMOV ERMƏNİLƏRƏ GÖZ DAĞI İMİŞ.
13.08.2014 1949 0.0 0

Rusiyanın vasitəçiliyilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yeni təfərrüatları məlum olub. 

Görüşdə Prezident İlham Əliyev kəlbəcərli girovların qaytarılması məsələsinə toxunmasından sonra yaranan dialoq bir çox mətləblərdən xəbər verir. Azərbaycan prezidentinin Ermənistan hərbçilərini Hitlerin zamanındakı faşistlərlə müqayisə etməsi Sarkisyanın sözsüz ki, xoşuna gəlməyib. Danışıqların xüsusilə Milli Qəhrəman Mübariz İbrahimov ətrafında davam etməsi isə görüşün Azərbaycan tərəfinin üstünlüyü ilə və gərgin şəraitdə keçdiyini göstərir.

ANS TV-nin məlumatına görə, Soçi görüşü zamanı Prezident İlham Əliyev Kəlbəcərli girovların məsələsini qaldırıb. Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “AzərTAc"a bildirib ki, dövlət başçısı girovlardan biri Rusiya vətəndaşı Dilqəm Əsgərovun və onun ailəsinin müraciətini şəxsən Rusiya Prezidenti Vladimir Putinə çatdırıb və bu əsnada girovların azad edilməsi məsələsini qaldırıb. Prezident İlham Əliyevin fikrincə, ermənilər bu iki kəlbəcərlini heç bir əsas olmadan “təhlükəli diversant”lar kimi qələmə verib və onların ətrafında KİV-də eybəcər şou yaradıblar. Halbuki, onların ailə üzvlərinin verdiyi məlumata görə, bu iki şəxs neçə illərdir ki, öz vətəndaşlıq hüquqlarından istifadə edərək Ermənistanın işğalı altında olan doğma kəndlərinə - valideynlərinin qəbrini ziyarət etməyə gedirlərmiş. 

Görüşdə Prezident İlham Əliyev üzünü Sarkisyana tutaraq belə bir ifadə də işlədib: “İşğalçı erməni əsgərlərinin cəbhə bölgəsində ələ keçirdiyi girovlar və meyitlərin üzərində törətdikləri vəhşi əməlləri heç Hitlerin zamanında faşistlər də etməmişdi. Meyitə belə hörmətsizlik etmək olmaz, bu, insana yaraşan əməl deyil”.

Prezident, həmçinin meyitlərin dərhal öz ailələrinə təhvil verilməsini tələb edib. Əli Həsənov deyib ki, bu zaman Serj Sarkisyan Azərbaycan Prezidentinin bu mühakiməsi qarşısında ciddi bir arqument tapa bilmədiyindən Mübariz İbrahimovun cəsədinin geri qaytarılması ətrafında Azərbaycanın apardığı təbliğata toxunub və azərbaycanlıları “Mübariz İbrahimovu qəhrəman kimi təqdim edərək ermənilərə göz dağı verməkdə” günahlandırıb. 

Prezident İlham Əliyevin isə Sarkisyana cavabı belə olub. Mübariz İbrahimov təkbaşına erməni əsgərlərinin qoruduğu səngəri dağıdaraq, ondan artıq işğalçı əsgəri öldürmüş və özü də həyatını qəhrəmancasına qurban verib. Müharibə qanunlarına görə, tərəflər qəhrəmanlara hörmətlə yanaşmalıdır. Mübariz İbrahimov əsl qəhrəmanlıq nümunəsi göstərmiş və haqlı olaraq da Milli Qəhrəman adını qazanıb. 

Soçi danışıqlarında Azərbaycan və Ermənistan tərəfinə tövsiyə olundu ki, diplomatlar təkliflər hazırlasınlar. 

Politoloqlar bu fikirdədir ki, bu görüşündə həmsədrlərin iştirak etməməsi ondan xəbər verir ki, Rusiya münaqişənin həllində aparıcı rol oynamaq öhdəliyini üzərinə götürür və məsələni ölü nöqtədən tərpətmək niyyətindədir. Lakin görüşdən sonra Sarkisyanın verdiyi bəyanatlar bir daha sübut etdi ki, işğalçı ölkə köhnə qaydanı saxlamaq niyyətindədir.

Politoloq Tofiq Abbasovun sözlərinə görə, qondarma soyqırıma qədər status-kvonu saxlamağa çalışırlar: “Orda prinsiplər format var, işğalçı Ermənistan prosesi pozur. Danışıqlar, təkliflər varsa, amma bu təkilflərdən irəli gələn məsələlərdə hərəkət yoxdursa, deməli ölü nöqtədə qüvvəsini saxlayır”.

Rəsmi Bakının mövqeyi belədir. Azərbaycan danışıqlarda danışıqlar xatirinə iştirak etmk niyyətində deyil. Təkliflər varsa, onlar masa üzərində qalmamalı, tərəflər üzərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər.


Teqlər:MÜBARİZ İBRAHİMOV ERMƏNİLƏRƏ GÖZ DA

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar