Əbülfəs Qarayev Expo Milan 2015 sərgisində Azərbaycan milli pavilyonunu ziyarət edib
02.08.2015 479 0.0 0

Məlum olduğu kimi, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2015-ci ilin 31 iyul-1avqust tarixlərində İtaliyanın Milan şəhərində keçirilən EXPO Milan 2015 sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransda təmsil olunur.
Səfər zamanı nazir Əbülfəs Qarayev EXPO Milan 2015 sərgisində  Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin ilk dəfə təmsil olunduğu Azərbaycan Milli Pavilyonunu ziyarət etmişdir. 
"Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi" adlanan dördmərtəbəli milli pavilyonu ilə tanış olan nazir Əbülfəs Qarayev ölkəmizin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və nadir biomüxtəlifliyini tərənnümu baxımından pavilyonun işiini yüksək qiymətləndirmiş və bu kimi sərgilərin mədəniyyətimizin təbliğ edilməsi, turistlərin cəlb olunması istiqamətində aparılan ən uğurlu işlərdən biri kimi qiymətləndirmişdir.
Milli pavilyonumuzun əsas özəlliyini üç biosfer təşkil edir ki, bu da ziyarətçilərə planetimizi xatırladır. Pavilyonun "Səslər simfoniyası" adlanan birinci mərtəbəsində Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası; ikinci mərtəbədə ("Rənglər simfoniyası") iqlimi, landşaftı və bioloji müxtəlifliyi barədə məlumatlar; üçüncü mərtəbədə ("Dadlar simfoniyası") isə milli mətbəxi və orqanik təbii qida məhsulları və nümunələri ziyarətçilərə təqdim olunur. Pavilyonun dördüncü mərtəbəsində milli mətbəximizin nümunələrini təqdim edən restoran fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda 9 iqlim qurşağının mövcud olması, ölkəmizin beynəlxalq qurumlar tərəfindən dünyanın 25 biomüxtəliflik məkanından biri kimi göstərilməsi də milli pavilyonumuzda öz əksini tapıb. Pavilyonda monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya inciləri, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilir.
Nazir pavilyonun fəaliyyətindən yüksək məmnunluğunu ifadə edərək, sərginin işinə uğurlar arzulamışdır. 
Məlumat üçün bildiririk ki, “EXPO Milan 2015” sərgisində ilk  dəfə olaraq 2015-ci ildə Azərbaycan milli pavilyonu yer almışdır. Sərgi cari ilin 1 may tarixində açılmışdır və 31 oktyabr tarixinədək davam edəcəkdir. Onu da qeyd edək ki, sərgi başa çatdıqdan sonra milli pavilyonun Azərbaycana gətirilərək, Bakının ən gözəl güşələrdən birində quraşdırılması nəzərdə tutulmuşdur. 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar