Biləsuvarda camaat çörək tapa bilmir-Rayon rəhbərliyi hara baxır?
23.12.2015 632 0.0 0

Manatın dollar qarşısında kəskin ucuzlaşması ölkə paytaxtından kənarda yerləşən rayonlarda ciddi qanun pozuntuları ilə müşahidə olunur.Paytaxtdan fərqli olaraq ölkənin aparıcı strukturlarına səsi gec çatan insanların vəziyyətindən isə bəzi işbazlar məharətlə istifadə edir.Rayon rəhbərləri isə orada baş verən haqsızlığa biganə qalır və camaatı müdafiə etməyə maraq göstərmir.

Qazeta.info  bildirir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirlərinin gücləndirilməsi haqda məlumat yaysa da, istər paytaxt Bakıda, istərsə də bölgələrdə belə hallar müşahidə olunmaqdadır.

Lakin paytaxtdan fərqli olaraq bölgələrdə süni mal qıtlığı və qiymət artımından ciddi narazılıqlar müşahidə olunur.

Məlumata görə, dünən günün ikinci yarısından sonra Biləsuvarda bir sıra ticarət köşklərinin, iri marketlərin bağlanması müşahidə olunub. Bu gün oxşar vəziyyət  demək olar ki, Biləsuvarın bütün ticarət obyektlərini əhatə edib. Qazeta.info saytının məlumatına görə, vəziyyətin belə hal alması yerli camaatı ciddi narahat edib və Rayon İcra Hakimiyətinin başçısına şikayət etməyə cəhd edibər. Lakin Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və rəhbəri əhali tərəfindən gələn bu tipli şikayətlərdən yayınıb və zəngləri cavabsız qoyublar. 

Məlumata görə, bu gün çörək və digər gündəlik ehtiyac duyulan ərzaq məhsullarının alınması üçün dükanlara üz tutan rayon sakinləri ticarət obyektlərinin bağlı olması səbəbindən evə əliboş qayıtmağa məcbur olublar.

Nəhayət, rayon rəhbərliyindən bir dəstək gəlmədiyinə əmin olan insanlar necə deyərlər özləri mağaza sahibləri ilə danışıqlara gedərək unun satılmasına nail ola biliblər. Lakin bizə bildirilənə görə, bu sövdələşmə camaata heç də ucuz başa gəlməyib. Belə ki, 21 dekabr tarixinə kimi 17 manata satılan un çuvalının qiyməti qaldırılaraq 31 manata əhaliyə satılıb. Məlumata görə, bu gün insanlar  Biləsuvarda siqaret satışını da təmin edə biliblər. Xatırladaq ki, tütün məmulatlarını da 50 faiz artımla əldə etmək mümkün olub. Bizə məlumat verən mənbə daha sonra bu gün qeyd edilən problemin tez həllini tapması üçün 195 Çağrı Mərkəzi vasitəsi ilə  İqtisadiyyat və Sənaye Nazirliyinə bir neçə dəfə zəng etdiklərini, lakin qeyd edilən nazirliyin də telefonlara cavab vermədiyini bildirir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar