Bahar Muradova: «Qanun layihəsi təkcə islam ekstremizmi yox, ümumən dini ekstremizmlə bağlıdır»
04.12.2015 657 0.0 0

“Məscidlərin siyasiləşdiriliməsinə qətiyyən yol vermək olmaz, məscidlər dini ibadət yeridir”.
Məlumata görə, bunu Milli Məclisdə “Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Musa Qasımlı bildirib. O deyib ki, dini radikal qrupların kökünü tamamilə kəsmək lazımdır: “Yaxın Şərqdə baş verən hadisələrdən ciddi ibrət götürməliyik”.
 
Millət vəkili Fazil Mustafa qeyd edib ki, müzakirəyə çıxarılan qanun dar çərçivəlidir: “Dövlət üçün təhlükəli 3 ekstremizm növü var. Bunlardan biri siyasi ekstremizmdir. Hansısa siyasi qüvvə ekstremizmə əl ata bilər. İkincisi, etnik ekstremizmdir və yaxın tarixdə bununla rastlaşmışıq. Üçüncüsü, dövlət üçün dini ekstremizm təhlükə törədir. Ona görə də ayrılıqda yox, ekstremizmlə mübarizə haqqında bir qanun qəbul etməliyik”. 
 
MM-in sədr müavini Bahar Muradova qanun layihəsinin islam ekstremizmi yox, dini ekstremizmlə bağlı olduğunu söyləyib: “Deputat həmkarlarımızdan xahiş edirəm ki, bu qanun layihəsi barədə danışanda tək Nardaran məsələsini, islam fundamentalizmini qeyd etməsinlər. Avropada islamı gözdən salmağa çalışırlar. Amma ən zərərli islamofobiya islam ölkələrinin özlərinin daxilindədir, bəzən Avropadan daha artıq islamofobiya ilə məşğul oluruq. Digər tərəfdən, Azərbaycanda çoxlu sayda dinlər, dini mərkəzlər var. Biz az şahid olmuşuq ki, Azərbaycanın regionlarında vətəndaşlarımızı qorxutma, şirnikləndirmə yolu ilə digər dinlərə, təriqətlərə cəlb etməyə çalışıblar?! Cəmiyyət də anlamalıdır ki, biz bu qanunu yalnız islami ekstremizmlə bağlı qəbul etmirik”.
 
B. Muradova Azərbaycanın dini deyil, dünyəvi dövlət olduğunu vurğulayıb: “Həyatımızı dini, milli dəyərlərə və qanunlara uyğun qurmalıyıq. Hazırda təqdim olunan qanun da belə çaşqınlıq vəziyyətində olan insanlara dəstək vermək, onların ekstremizmə yuvarlanmasının qarşısını almaq üçündür”.
 
Millət vəkili Fəzail Ağamalı İŞİD-in Qərb xüsusi xidmət orqanları tərəfindən islamı gözdən salmaq üçün yaradıldığını bildirib: “Ermənilər xristian idilər, Xocalı soyqırımını törətmədilər? Ona görə də mən də Bahar Muradovanı dəstəkləyirəm”. 
 
Qanun layihəsini dəstəkləyən millət vəkili Qüdrət Həsənquliyev deyib ki, dini ekstremistlərdən qorumaq lazımdır: “Nardaran hadisələri zamanı telekanalda azyaşlı uşaqların necə danışdıqlarını ürək ağrısı ilə izlədim. Ona görə də Cinayət Məcəlləsinə müəyyən hallarda köçürmə və valideynlik hüququndan məhrumetmə məsələsi daxil edilməlidir. Digər tərəfdən, xüsusi əməliyyatlar zamanı jurnalistlər məlumatlandırılmalıdır. Məsələn, Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı hadisələr zamanı mətbuatda nələr yazırdılar. Ola bilməzdi ki, belə hallarda, əməliyyatlar keçirilən zaman jurnalistlər üçün qısa brifinqlər verilsin? Qanun layihəsində bu iki məsələnin nəzərə alınmasını da xahiş edirəm”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar