Bahar Muradova: Danışıqlarda mümkün pozitiv dinamika ermənilərin hərbi əməliyyatlara başlanmasına gətirib çıxardı
19.04.2016 453 0.0 0

 “Biz dəfələrlə beynəlxalq təşkilatların, o cümlədən ATƏT PA-nın tədbirlərində Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğalı, yubadılmış münaqişənin həll olunmama problemi və ölkəmizdə din əhali arasında itkilər məsələsini qaldırmışıq”.
 
Məlumata görə, bu sözləri Milli Məclis sədrinin müavini, ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova aprelin 16-da Almaniyanın Laynsvayler şəhərində Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində həll olunmamış münaqişələrə dair təşkil edilmiş seminarda çıxışı zamanı deyib. O bildirib ki, beynəlxalq qurumlar Azərbaycanın qaldırdığı məsələlərə cavab olaraq baş vermiş hadisələrlə bağlı qısa narahatlıq ifadə ediblər: “Yalnız indiki reallıqda, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə başlanan hərbi əməliyyatlara Azərbaycanın layiqli cavab verməsi hər kəsi son hadisələr və onun mümkün nəticələri barədə ciddi düşünməyə məcbur edib. Məlum olduğu kimi, bu il üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri danışıqların davam etdirilməsi ilə bağlı yeni təkliflər irəli sürüblər. Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı ABŞ-ın siyasi rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Bütün həmsədr ölkələr - Fransa, ABŞ və Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin. Aydındır ki, danışıqlarda mümkün pozitiv dinamika ermənilər tərəfindən hərbi əməliyyatların başlanmasına gətirib çıxardı”.
 
B. Muradova aprelin 1-dən 2-nə keçən gecə təmas xəttində baş verən hadisələr barədə də danışıb: “Həmin gün Ermənistan ordusu bütün təmas xətti boyunca Azərbaycan ordusunu, mülki əhaliyə məxsus obyektləri və dinc sakinləri ağır artilleriyadan atəşə tutub. Təəssüf ki, bu, itkisiz ötüşməyib. Təxribatın qarşısı alınıb. Düşmənə layiqli cavab verilib. Azərbaycan öz torpaqlarını müdafiə edə və mövqelərini möhkəmləndirə bilib”.
 
B. Muradovanın sözlərinə görə, Azərbaycanın Müdafiə Nazirliyinin bəyan etdiyi kimi, Azərbaycan ordusu yüksək professionallıq və məhdud kontingentlə düşmənin ön cəbhədəki hücumunun qarşısını ala bilib: “2-5 aprel tarixlərində təmas xəttində yaranmış vəziyyətin məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bildiyiniz kimi, Azərbaycan iki dəfə - 3 və 5 aprel tarixlərində birtərəfli qaydada atəşkəs rejiminin bərpa olunmasına razılıq verdi. Ancaq atəşkəsin əslində sülh olmadığını Ermənistan tərəfi dəfələrlə sübut etdi. Atışmalar hətta Naxçıvan ərazisində də baş verib. Daha sonra Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini bütün təmas xətti boyunca pozdular”.
 
Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, döyüş sahələrində tapılan şəxsi əşyalar və sənədlər onu göstərir ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan Silahlı Qüvvələrinin əsgərləri və müxtəlif ölkələrdən olan terror qruplaşmaların muzdluları döyüşür: “Bu faktlar sübut edir ki, bizim tərəfdən görülmüş tədbirlər vaxtında və hazırkı şərtlərə uyğun həyata keçirilib”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar