AZƏRBAYCANDA İŞIQ KORPUSU TİKİLİR.
31.10.2014 1552 0.0 0

Azərbaycanda elektrik enerjisinin ötürülməsi sistemində planlaşdırılmış layihələrin həyata keçirilməsi nəticəsində 2015-ci ilədək yeni transformatorların ümumi gücü 2000 meqavoltamperə yaxın, 110-500 kV-luq yeni xətlərin ümumi uzunluğu isə təqribən 800 km artacaq. Bundan əlavə, ölkədə elektrik enerjisinin əsas istehsalçısı olan "Azərenerji" ASC gələn ilin birinci yarısında Abşeron yarımadasının enerji təchizatında mühüm yer tutacaq "Şimal" elektrik stansiyasında ikinci qaz-buxar qurğusunu istismara verəcək.

Məlumata görə, tikinti işləri davam edən stansiyada 400 MVt gücündə 2-ci həmdövrəli buxar-qaz qurğusu - qaz turbini, buxar turbini, üçpilləli təzyiq altında işləyən qazan-utilizator, generator və yüksəldici transformator, 220 kV qaz izolyasiyalı qapalı yarımstansiya tikilir. Bunun istismara verilməsi daxili təlabat üçün çox önəmlidir və ən azı paytaxtın, Abşeron yarımadasının elektrik enerjisi ilə təminatını yaxşılaşdıracaq. Ümumiyyətlə, son zamanlar daha yeddi su elektrik stansiyasının layihəsi də başa çatdırılıb.

Bununla bərabər, xaricə elektrik enerji ixracı ilə bağlı tədbirlər də görülür. Lakin statistik məlumata görə, bu ilin 9 ayında xaricə ixrac olunan elektrik enerjisində ciddi azalma olub. Bu müddət ərzində xaricə 19,89 milyon dollarlıq elektrik enerjisi satılıb.

Enerji məsələləri üzrə ekspert İlham Şaban bu məsələlərin dumanlı olduğunu, Azərbaycanda elektrik enerjisinin kommersiya sazişləri əsasında ixrac edilmədiyini deyib: "İndiyədək ixrac əsasən ümumi müqavilələrlə reallaşdırılıb. Yəni qonşu ölkələr - Azərbaycan, İran, Rusiya və Gürcüstan arasında enerji müqavilələri var. Belə ki, bu ölkələr bir-birinə müxtəlif vaxtlarda elektrik enerjisi ötürürlər. Ayın sonunda isə yaranan ümumi balansa uyğun olaraq bizdə bunu ixrac adlandırırlar. Əslində, kommersiya müqavilələri olmalıdır. Bu, çox faydalıdır. Məsələn, Türkmənistran kommersiya sazişləri əsasında Əfqanıstana, Türkiyəyə, İrana və Qırğızıstana elektrik enerjisi ixrac edir. Çünki Türkmənistanın elektrik stansiyaları və qazı var, maya dəyəri həddindən artıq ucuzdur və bunu kommersiya şəklində həyata keçirir.

Onun sözlərinə görə, Azərbaycanda elektrik enerjisinin topdansatış qiyməti təqribən 3,1 qəpik, yəni 4 sentdir. Bu, region ölkələri ilə müqayisədə böyük rəqəmdir. Gürcüstanda elektrik enerjisi mənbəyinin 80 faizini hidroenergetika, yəni su elektrik stansiyaları təşkil edir. Azərbaycanda isə hidroenergetika üzrə istehsal 11 faizdən 8-9 faizə enib. Bizdə bütün yük qazın üstünə düşür. Dövlət SES-ləri tikib "Azərenerji"yə verir. O da bunu səmərəli işlədə, kommersiya relsinə sala bilmir, nəticədə ARDNŞ-a borc yaranır. Son günlərdə ARDNŞ rəsmisi bildirdi ki, bu ilin birinci yarısına görə "Azərenerji"nin 286 milyon manat borcu var. Bu, reallıqdır.

O, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik şəbəkələrinin birləşdirilməsini nəzərdə tutan “Enerji körpüsü” layihəsinə də münasibət bildirib: "Ən iri investisiya proqramlarından olan “Enerji körpüsü” tikildikdən sonra Azərbaycandan xaricə elektrik enerjisinin ixracı potensialı daha da artırmalı idi. Ancaq indi Azərbaycanın Gürcüstan üzərindən Türkiyəyə elektrik enerjisi vermək istəyi real deyil. Gürcüstan enerji bazarını Türkiyəyə açıb. Türk şirkətləri orada yeni su elektrik stansiyaları tikir, ucuz başa gəldiyi üçün qoyduqları vəsaiti artıqlaması ilə çıxarırlar. 

Digər tərəfdən, Türkiyə Atom Elektrik Stansiyasının tikintisinə qərar verib. Müqavilə imzalanıb və 2015-ci ildə Yaponiya şirkəti ilə inşaat işlərinə başlayacaq. İlk reaktor 2020-ci ildə, ikincisi isə 2022-ci ildə işə düşəcək. Beləliklə, ilk mərhələdə 35 milyard kilovatsaat, ikinci mərhələdə isə 40 milyard kilovatsaat enerji istehsal olunacaq və təlabatını ödəyəcək. Bundan əlavə, Türkmənistan da Türkiyənin qərb hissəsinə ucuz qiymətə elektrik enerjisi verir. Bu baxımdan, bu layihənin perspektivi görünmür."

Xatırlatmaq yerinə düşər ki, bu günlərdə energetika naziri Nastiq Əliyev mətbuata müsahibəsində elektrik enerjisinin Avropa, Rusiya və İran istiqamətində ötürülməsinin respublika üçün vacib olduğunu deyib: "Bu məqsədlə qonşu dövlətlərin energetika sistemləri ilə əlaqələrin gücləndirilməsi üçün “Azərenerji” ASC tərəfindən İran ilə cənubda, Rusiya ilə şimalda və Gürcüstan ilə qərb istiqamətində yeni enerji təsərrüfat obyektləri quraşdırılıb. Azərbaycan-Gürcüstan-Türkiyə elektrik enerjisi verilişi dəhlizi yaradılaraq, Qərbi Avropa ölkələri ilə enerji mübadiləsinin təşkili istiqamətində 2014-cü ildən başlayaraq 350 meqavat, 2015-ci ildən isə 700 meqavat güc ötürmək imkanı yaranacaq. Bununla əlaqədar Energetika Nazirliyi tərəfindən sadaladığım ölkələrlə müvafiq hökumətlərarası sənədlər hazırlanıb imzalanıb."

Ekspert Bakının və Abşeron yarımadasının elektrik enerjisi ilə təminatına da toxunub. Onun sözlərinə görə, son illərdə "Sumqayıt", "Səngəçal", "Şimal" elektrik stansiyaları istismara verilib, bu, ümumilikdə 1400 kilovatsaatdan çox enerji deməkdir. Yəni Bakı üçün kifayət qədər mənbələr var. Ancaq Bakıda elektrik enerjisi ilə bağlı problem olanda deyirlər ki, Mingəçevir SES-dən gələn xətt açılıb. Əgər belədirsə, onda adını çəkdiyimiz stansiyalar nə üçündür. Bunlar o məqsədlə tikilib ki, məhz Mingəçevir SES-in yükü azaldılsın, Bakının və Abşeron rayonunun enerji təminatında asılılıq azalsın. Bunun əvəzində, Mingəçevir SES qərb istiqamətinə yönəldilsin, yəni ixrac üçün istifadə olunsun. Lakin, təəssüf ki, vəziyyət belə deyil. Bu qədər vəsait xərcləməyimizə baxmayaraq hələ də ölkə Mingəçevir SES-dən asılıyıq. 

O, nəzərdə tutulan SES-lərin tikintisinin gecikdiyini, vaxtında istifadəyə verilmədiyini vurğulayıb.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev isə mətbuata bildirib ki, ölkədə kiçik su elektrik stansiyalarının tikintisinin sürətlə davam etdirilməsi üçün daxili imkanlar da səfərbər olunub. Yaxın vaxtlarda kiçik su elektrik stansiyalarının tikintisində tətbiq olunacaq zəruri avadanlığın, o cümlədən hidroturbinlərin istehsalına başlanılacaq. Bu da öz növbəsində kiçik su elektrik stansiyalarının vaxtında tikilib istifadəyə verilməsinə imkan yaradacaq. Kiçik su elektrik stansiyaları iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, ətraf mühitin qorunmasında da müstəsna əhəmiyyətə malikdir. //ANS PRESS

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar