Azərbaycanda 3 nazirlikdə büdcə vəsaitlərinin əsassız xərcləndiyi müəyyənləşib - RƏSMİ
10.02.2022 361 0.0 0

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ildə aparılmış nəzarət tədbirlərinin keçirilməsi zamanı Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatında büdcə vəsaitlərinin təyinatından yayındırıldığı müəyyən edilib.


Qazeta.info xəbər verir ki, Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılmış yoxlamalar zamanı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində aparılan nəzarət tədbirləri zamanı bir neçə müəssisə və təşkilata qabaqcadan ödənilmiş vəsaitlərin müqabilində material qiymətlilərinin alınmaması və xidmətlərin yerinə yetirilməsinə dair təsdiqedici sənədlərin olmaması, həmçinin bir xidmətin yerinə yetirilməsinə dair sənədləşmə aparılmaqla xeyli məbləğdə artıq vəsaitin podratçı şirkətin hesabına köçürülməsi, Nazirliyin tabeçiliyində olan mədəniyyət obyektlərinə satın alınaraq təhvil verilməsi nəzərdə tutulan material qiymətlilərinin xeyli hissəsinin həmin obyektlərə ümumiyyətlə verilməməsi və onların balansa qəbul edilməməsi nəticəsində büdcə vəsaitlərinin Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri tərəfindən təyinatından yayındırıldığı müəyyən edilib.

Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən yerinə yetirilməsi sənədləşdirilmiş bəzi xidmətlərlə bağlı aidiyyəti işçilər izahatlar təqdim edərək həmin xidmətlərin faktiki olaraq yerinə yetirilmədiyini və bu xidmətlərə görə özəl qurumlara köçürülən vəsaitlərin nağdlaşdırılaraq Nazirliyin məsul şəxslərinə verildiyini, sənədlərə isə tapşırıq əsasında imza etdiklərini bildiriblər.

Mədəniyyət Nazirliyinin sifarişləri əsasında tabeçiliyindəki mədəniyyət obyektlərində təmir-tikinti işlərinin aparılmasına dair sənədlərin yoxlanılması zamanı isə işlərin həcminin əsassız olaraq şişirdildiyi və podratçı şirkətlərə real iş həcmlərinin dəyərindən artıq böyük məbləğdə büdcə vəsaitinin köçürüldüyü aşkar edilib.

Bundan başqa, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində aparılan nəzarət tədbirləri nəticəsində dövlət büdcəsində dəftərxana və təsərrüfat mallarının alınması üçün nəzərdə tutulmuş vəsaitin satıcı təşkilatların hesablarına köçürülməsinə baxmayaraq, həmin malların, habelə mətbəə blanklarının bir hissəsinin faktiki olaraq alınmadığı aşkar olunub. Həmçinin, sözügedən Nazirlikdə istifadə olunan kompüter avadanlığı və texniki vasitələr üçün ehtiyat hissələrinin, habelə hədiyyə və suvenirlərin alınması məqsədilə köçürülmüş vəsaitin müqabilində həmin material qiymətlilərinin xeyli hissəsinin faktiki olaraq alınmadığı, bankdan çıxarılaraq Nazirliyin kassasına mədaxil edilən büdcə vəsaitinin bir hissəsinin xərclənməsinə dair sənəd olmadığı halda isə məxaric edilməsi yolu ilə əsassız xərcləndiyi müəyyənləşib.

Daha sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, müharibə veteranlarının və şəhid ailələrinin sanator-kurort müəssisələrinə göndərilməsi üçün köçürülmüş vəsaitin bir hissəsinin həmin müəssisələrin rəhbərləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq rəhbər işçilərinə qaytarılması, sosial obyektlərin və imtiyazlı şəxslərə fərdi yaşayış evlərinin tikintisində işlərin həcmlərinin artırılması yolu ilə podratçı təşkilatlara artıq vəsaitin ödənilməsi, Nazirliyin müvafiq qurumları tərəfindən tətbiq edilən böyük məbləğdə inzibati cərimələrin ödənilməsinin təmin edilməməsi, struktur bölmələr tərəfindən təyin olunmuş pensiya, sosial təminat və təqaüd işləri üzrə pensiya, təqaüd və müavinətlərin artıq hesablanması və ödənilməsi halları aşkar olunub.

Həmçinin, pensiya, müavinət və təqaüd alan şəxslərin vəfat etdiyi halda onların adlarına ödənişlərin uzun müddət davam etdirilməsi, xeyli sayda şəxsə eyni dövr üçün həm əlilliyə, həm də ailə başçısını itirməsinə görə müavinət və əmək pensiyalarının ödənilməsi, pensiya təyinatı aparılarkən iş stajının bilərəkdən artıq göstərilməsi, işsizlik müavinətlərinin hesablanması qaydalarının pozulması və müavinət təyin olunmuş həmin şəxslərin bundan xəbərsiz olmaları, çoxlu sayda vətəndaşa işsizlik müavinətinin verilməsi kimi nöqsanlar aşkar olunmaqla xeyli məbləğdə vəsaitin təyinatından yayındırıldığı müəyyən edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar