BAŞ BANKİRİN QEYRİ SƏMİMİ AÇIQLAMASI-BİZİM MÜNASİBƏT
20.11.2014 1510 0.0 0

"Azərbaycan Mərkəzi Bankı (AMB) gələcəkdə kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı addımlar atmaq niyyətindədir".
 

Xatırladaq ki ,bu açıqlamanı  Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmov deyib ki, hazırda maliyyə naziri Samir Şərifovla kreditlər, xüsusilə də biznes kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı müzakirələr aparılır.
Onun sözlərinə görə, biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə çatdırılması əsas hədəflərdəndir.

 

Qazeta.info bildirir ki, E.Rüstəmov  əmanətlər üzrə faiz dərəcəsinin yüksək olması səbəbilə kredit faizlərinin yüksək olmasını bildirib. Amma yayılan məlumatlarda əmanətlər üzrə faiz dərəcəsinin ortalama həcmi rəqəmlə ifadə olunmayıb. Bildirək ki, ölkə bankları xalqa qoyduğu əmanətə görə 3-5 faizdən çox pul ödəmir. Düzdür bəzi rəsmi rəqəmlərdə bu göstərici 20 faizə qədər qeyd olunur. Lakin bu sıradan məbləğ və sıradan insanların banklara yatırdığı məbləğ deyil və ondan çox fərqlənir. Burada əmanətin həcmi milyon manatlarla olur ki, bu zaman da bir sıra hallarda şərtləri əmanətçı irəli sürür və hətta bankın təklif etdiyi rəsmi faiz dərəcəsinə də təsir edə bilir. 

 

Əlavə olaraq bildirək ki, Banklar tərəfindən kreditorlara verilən kreditlərin faiz dərəcəsi əmanətə nisbətdə ən azı 5-8 dəfə yüksəkdir.Yəni, ölkədə istehlak kreditlərinin illik faiz dərəcəsi 20-40, biznes kreditləri isə 15-25 faiz arasında müşahidə olunur.Verilən kreditlərdə sığorta  və bank xərcləri nəzərə alınsa bu rəqəmlərin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə gətirib çıxarır.

 

Nəzərə alsaq ki, yerli banklar  verdiyi kreditləri əsasən Milli Bank (4.25 faiz) və dünyanın bir sıra beynəlxalq maliyyə qurumlarından (3-5 faiz) çox aşağı faizlə əldə edir, o zaman yerli bankların illik faiz dərəcələrinin süni şişirdilməsi çox açıq müşahidə olunur. Belə olan halda E.Rüstəmovun özəl banklara haqq verməsi normal qarşılanmır. Əksinə, əhali verilən kreditlərdə yüksək faiz dərəcələrinin aşağı salınmasında ölkə rəhbərliyinin az da olsa təsir etmələrini gözləyir.

Ölkə banklarına yüksək faiz dərəcəsi ilə kreditlərin verilməsi hətta dövlət başçısı səviyyəsində kəskin reaksiyaya səbəb olsa da, görünən odur ki, qeyd edilən tənqid heç bir nəticə verməyib. Bu isə öz növbəsində onu deməyə əsas verir ki, Bank sektoru bir sıra məmurlara xidmət edir və bu məmurlar sırasında E.Rüstəmovun mövcudluğu mümkündür və yaxud da əksinə, E.Rüstəmov özəl bank sektorunda öz qaydalarını diktə edən məmurlara təsir etmə imkanlarına malik deyil.

 

Daha sonra bildirək ki, nazir Milli Məclisin məlum toplantısında , “2014-cü ildə Azərbaycan iqtisadiyyatı üzrə faiz dərəcəsi 14,3% təşkil edir. Bunun təxminən 3/4-ü kommersiya kreditləridir. Bu kreditlər üzrə faiz dərəcəsi 10,8% təşkil edir. Yəni, təxminən 11%-dir. Bu kreditlərin 1/4-ni təşkil edən istehlak kreditləri üzrə faiz dərəcəsi təxminən 18% təşkil edir. Lakin bu istehlak kreditlərinin strukturu çox müxtəlifdir. Burada kreditlər iki hissəyə bölünür: təminatlı və təminatsız. Tutaq ki, avtomobil kreditləri üzrə faiz dərəcəsi 14,8%-dir. Dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə faiz dərəcəsi isə 4 və 8%-dir"deyə açıqlama verib.

Qeyd edək ki, Milli Məclisin dünən keçirilən iclasında Azərbaycanda ipoteka kreditlərinin faiz dərəcələrinin yüksək olduğu barədə iradlar da bildirilib.

 

Hazırladı: Əli Çobanzadə


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar