Azərbaycan Mərkəzi Bankı gələn il maliyyə sektorunda görəcəyi işləri açıqlayıb
30.12.2019 106 0.0 0

2020-ci ildə maliyyə sektorunun risklərə qarşı dayanıqlığının yüksəldilməsi, maliyyə vasitəçiliyinin, pul və kapital bazarlarının dərinləşdirilməsi istiqamətində səylər artırılacaq.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, maliyyə sektorunda resturuktrizasiya proseslərinin başa çatdırılması, problemli aktivlərin tənzimlənməsi üzrə təsirli tədbirlər görüləcək. Bütün bunlar maliyyə sektorunun iqtisadi artımda rolunu yüksəltməlidir.

Bank sisteminin sağlamlaşdırılması prosesi həyata keçirilərkən sistem əhəmiyyətli maliyyə institutlarında risklərin akkumulyasiyasının qarşısının alınması vacib prioritetlərdən biri olacaq.

Bank sektorunun aktivlərinin keyfiyyətinin qorunması çərçivəsində problemli aktivlərlə iş xüsusi diqqətdə saxlanılacaq. Bunun üçün AMB bank sektorunda problemli kreditlərin həcminin daha effektiv şəkildə azaldılması və kredit təşkilatları tərəfindən yeni kreditlərin verilməsi zamanı təkmil risk idarəetməsi prinsiplərinin rəhbər tutulmasını təşviq edəcək

Bank sisteminin likvidlik səviyyəsinin məqbul səviyyədə qorunması və onun səmərəli idarə olunması mexanizmlərinin yaradılması diqqətdə saxlanılacaq. Mərkəzi Bankın likvidlik alətləri arsenalı bank sisteminin likvidliyinin qorunmasında mühüm rol oynayacaq. Bundan başqa, dövlət qiymətli kağızlarının həcminin genişlənməsi və banklararası kredit bazarının inkişafı da banklar tərəfindən likvidlik mövqeyinin çevik tənzimlənməsinə müsbət təsir edən amillər olacaq.

Maliyyə sektorunun monitorinqi intensivləşdiriləcək, maliyyə bazarlarında yarana biləcək sistem risklərinin və potensial böhran ehtimallarının aşkar edilməsi, buna yönəlmiş siyasət tədbirlərinin həyata keçirilməsi diqqətdə saxlanılacaq. Stres-testlər əsasında AMB müxtəlif iqtisadi şoklara qarşı maliyyə sektorunun vəziyyətini önləyici qaydada simulyasiya edəcək və zəruri hallarda sektora müvafiq müdaxilələr həyata keçiriləcək.

Növbəti ildə bank nəzarəti çərçivəsinin təkmilləşdirilməsi, risk əsaslı və kontr-tsiklik prudensial tənzimləmənin tətbiqi işləri görüləcək. Yeni metodoloji yanaşma əsasında risk əsaslı nəzarətin tətbiqi məqsədilə pilot qaydada ilkin işlərə başlanılmasınəzərdə tutulub.

Bankların risklərin idarə edilməsi üzrə daxili potensialının yüksəldilməsi 2020-ci ildə də dəstəklənəcək. Banklarda korporativ idarəetmə standartlarının tətbiqi və stres-testləşmə potensialının yüksəldilməsi üzrə tədbirlər həyata keçiriləcək

Bank sisteminə etimadın artırılması çərçivəsində əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi diqqətdə saxlanılacaq. Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sisteminin gücləndirilməsi və əhalinin maliyyə savadlığı səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyət də bank sisteminə etimadın yüksəldilməsinə xidmət edəcək. 2020-ci ildə müxtəlif hədəf qruplarından olan əhali arasında regional əhatəlilik genişlənməklə geniş maarifləndirmə tədbirləri davam etdiriləcək. İctimaiyyətin maliyyə savadının artırılması onların risk idarəetməsinin yaxşılaşmasına, borc intizamının artırılmasına və məsuliyyətli borclanma davranışının yayılmasına şərait yaradacaq.

İqtisadi artımın dəstəklənməsində maliyyə sektorunun rolunun gücləndirilməsi, iqtisadi subyektlərin kreditə çıxış imkanlarının daha da genişləndirilməsi istiqamətində fəaliyyət 2020-ci ildə gücləndiriləcək.

Maliyyə vasitəçiliyinin inkişafı istiqamətində Mərkəzi Bankın fəaliyyəti iqtisadi artımın effektiv maliyyələşməsini təmin edən, bütün iqtisadi subyektləri geniş çeşidli maliyyə məhsulları ilə əhatə edən səmərəli maliyyə sisteminin formalaşdırılmasına hədəflənəcək.

Real sektor müəssisələrinin, xüsusən də orta və kiçik sahibkarlıq subyektlərinin ucuz və uzun müddətli maliyyə resurslarına çıxış imkanlarını artırmaq üçün hökumətlə birgə təşəbbüslər göstəriləcək. Qeyri-maliyyə sektorunda korporativ idarəetmənin geniş tətbiqi, kreditorların hüquqlarının qorunması mexanizminin gücləndirilməsi növbəti ildə də biznes kreditləşməsinin genişlənməsinin mühüm şərtlərindən olacaq.

Faiz dərəcələrinin azaldılması tədbirləri ilə bağlı 2020-ci ildə AMB ilə bank ictimaiyyəti arasında fəal dialoq davam etdiriləcək Ölkədə nağdsız ödənişlərin genişlənməsi ilə kreditləşmənin resurs mənbələrinin artırılması, maliyyə bazarlarının bütün seqmentlərinin davamlı inkişafı, banklarda əməliyyat xərclərinin optimallaşması növbəti ildə də faiz dərəcələrinə azaldıcı təsir göstərən amil olacaq.

Maliyyə xidmətlərinə əlyetərliyin paytaxtdan kənarda da artırılması məqsədi ilə kredit institutlarının regional şəbəkəsinin genişləndirilməsi təşviq olunacaq. Bankların, habelə poçt sistemi daxil olmaqla bank olmayan kredit təşkilatlarının regional xidmət şəbəkəsi vasitəsilə bank xidmətlərinə çıxışın artırılması istiqamətində tədbirlər görüləcək.

İnnovativ maliyyə alətlərinin tətbiqinin yayılması, mobil texnologiyaların bank sisteminə daha geniş inteqrasiyası kredit institutlarının əməliyyat xərclərinin, borcalanların isə vaxt itkisinin və inzibati xərclərinin aşağı salınmasına imkan verəcək. Bu da öz növbəsində bazar subyektlərinin maliyyə xidmətlərinə sürətli çıxışının təmin olunması və borcun qiymətinin ucuzlaşması baxımından əhəmiyyətlidir.

İqtisadiyyata uzunmüddətli investisiyaların artırılmasındakı rolunu nəzərə alaraq AMB pul və kapital bazarlarında aktivliyə yönəlik tədbirlər görəcək. Bazar iştirakçıları və infrastruktur provayderləri ilə aktiv dialoq şəraitində tarif rejiminin optimallaşdırılması davam etdiriləcək. İnvestisiya xidmətlərinin elektronlaşdırılması, investor-müəssisə münasibətlərinin dərinləşdirilməsi üçün elektron platformaların yaradılması, investorlara məsafədən ticarət aparmağa imkan verən sistemlərin tətbiqinə dair müvafiq işlər görüləcək. Qiymətli kağızlar bazarında emitentlər və investorlar üçün əlverişli vergi mühitinin formalaşdırılması üzrə təşəbbüslər göstəriləcəkdir. Kapital bazarlarında təklifin stimullaşdırılması üçün qiymətli kağızların qeydiyyat prosedurunun və şirkətlər üçün listinq tələblərinin daha da sadələşdirilməsi, habelə xarici investorların cəlbinin asanlaşdırılması istiqamətində işlərin gücləndirilməsi nəzərdə tutulur.

Şəffaflığın artırılması məqsədi ilə bazar iştirakçıları üçün informasiya əlçatanlığının artırılması və bu yolla informasiya assimmetriyasının aradan qaldırılması üzrə işlər görüləcək. Maarifləndirmə və təşviqat işlərinin aparılması, o cümlədən potensial investorların qiymətli kağızların faydaları və riskləri barədə məlumatlarının artırılması nəzərdə tutulur. Şirkətlərin şəffaflıq və hesabatlığının müasir standartlara uyğunlaşdırılması da kapital-maliyyə bazarında investisiya alətlərinin geniş istifadəsini dəstəkləyən amil olacaq.

Maliyyə bazarları üzrə normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində səylər artırılacaqdır. "Sekyuritizasiya fəaliyyəti haqqında” Qanunun qəbulu üzrə işlərin davam etdirilməsi və əlaqədar normativ xarakterli aktların hazırlanması təmin ediləcək. Törəmə maliyyə alətləri bazarı üzrə hüquqi çərçivənin də qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi nəzərdə tutulur. Beynəlxalq maliyyə institutlarının istiqrazlarının emissiyası və tədavülünü tənzimləyən xüsusi hüquqi çərçivə yaradılacaq. İnvestisiya fondlarının fəaliyyətinin təşviqi məqsədilə müvafiq hüquqi çərçivəyə yenidən baxılacaq.

Rəqabət mühitinin maliyyə xidmətlərinin keyfiyyətinin artırılmasında və maliyyə məhsullarının müxtəlifliyinin, nəticədə innovasiyanın təşviqindəki rolunu nəzərə alaraq, maliyyə bazarlarında rəqabətin təşviqi də AMB-nin diqqətində olacaq. Bu məqsədlə beynəlxalq maliyyə institutlarının əməkdaşlığı ilə rəqabətin dəstəklənməsi üzrə zəruri addımların atılması nəzərdə tutulur.

2020-ci ildə sığorta sektorunda effektiv tənzimləmə və nəzarəti təmin etmək, icbari və könüllü sığorta sistemlərinin inkişafı ilə maliyyə bazarlarının digər seqmentlərinin inkişafına əlavə impulslar verilməsi AMB-nin vacib prioritetlərindən olacaq.

Sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi, sığorta yığımlarının artırılması, yeni sığorta alətlərinin tətbiqi, sığorta nəzarəti sisteminin təkmilləşdirilməsi, sığortalıların hüquqlarının qorunması, hüquqi və fiziki şəxslərin könüllü sığortadan istifadəsinin təşviqi, sığorta sistemində neqativ halların qarşısının alınması ilə sektora edimadın artırılması kimi istiqamətlərdə fəaliyyət göstəriləcək. Qeyd olunan istiqamətlərdə irəliləyişə nail olmaq üçün sığorta fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi işləri görüləcək.

Önümüzdəki ildə yeni institusional əsaslarda kənd təsərrüfatı sığortasının inkişafı ölkədə aqrar sektorun inkişafına mühüm dəstək olacaq, bu sahədə defolt risklərinin diversifikasiyasına şərait yaratmaqla uzunmüddətli investisiya planlaşdırılmasına təkan verəcək.

Nəzarətin təkmilləşdirilməsi məqsədi ilə sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığortaçıların və xarici sığorta brokerlərinin, onların Azərbaycandakı nümayəndəliklərinin, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin reyestrinin aparılması təmin ediləckr. Sığorta ilə bağlı təbliğat-təşviqat işlərinin davam etdirilməsi, nəzarət çərçivəsində sığortaçılarda səyyar yoxlamaların həyata keçirilməsi də planlaşdırılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar