`Zəlzələ` gözlənilir - Qan düşəcək
03.04.2017 2931 0.0 0

Ötən gün Ermənistanda parlament seçkiləri keçirildi. Bu, ölkədə prezident idarəetmə üsulundan parlament idarəetmə üsuluna keçidi nəzərdə tutan 2015-ci ildəki konstitusiya dəyişikliyindən sonra keçirilən ilk seçkilər idi. Konstitusiyada edilmiş dəyişikliklərə əsasən, Ermənistanda prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə artırılıb. Ölkənin yeni prezidentini də məhz proporsional əsasda formalaşan parlament seçəcək. Özü də bu, daha çox müddətə - 7 illiyinə. Prezident isə parlament seçkilərində mütləq qələbə qazanmış partiya və ya siyasi blokun namizədini baş nazir təyin edəcək. Lakin prezident vəzifəsi, sadəcə, formal səlahiyyətlərə malik olacaq, əsas hakimiyyət məhz baş nazirin əlində cəmləşəcək.

Bu baxımdan Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkilərinə həm ölkə daxilində ciddi yanaşma vardı, həm də kənardan böyük maraq diqqət və maraqla izlənilirdi. Lakin biabırçılıqla keçən bu seçkilər Ermənistan hakimiyyətinin iç üzünü ortaya qoymaqla yanaşı "ermənisayağı demokratiya"nın necə olduğunu bir daha dünyaya nümayiş etdirdi.

 

 

Bu seçkilər Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın dili ilə desək, "kolxozsayağı" keçdi. Əvvəla, seçkilərdə çoxlu və biabırçı səviyyədə texniki nasazlıqlar qeydə alındı. Belə ki, seçki məntəqələrində səsvermə zamanı cihazlar seçicilərin barmaq izlərini tanımayıb. Özü də bu tanımazlıq ən yüksək səviyyədə baş verib.

Cihazlar Ermənistan prezidenti nə Serj Sarkisyanı, nə parlament sədri Qalust Saakyanı, sabiq prezident Levon Ter-Petrosyanı "tanıyıb". Cihazlar barmaq izlərini müəyyən edə bilmədiyindən yubanma yaranıb. Hətta S.Sarkisyan 10 barmağının hamısını aparata yaxınlaşdırsa da, bunun nəticəsi olmayıb. O, pasportunu seçki komissiyasına təqdim edib, talon alaraq səs verib. Ümumiyyətlə, seçki komissiyaları problem yaranan seçki məntəqələrinə qeydiyyatı talon vasitəsi ilə aparmaq məcburiyyətində qalıblar.

 

 

İkincisi və əsası, Ermənistandakı 2 aprel parlament seçkiləri ciddi qanun pozuntuları ilə müşayiət olunub. Onların əksəriyyəti mövcud iqtidarın lehinə edilən saxtakarlıqlarla bağlıdır. Ermənistan Baş Prokurorluğunun rəsmi məlumatına görə, parlament seçkilərində səsvermə zamanı qanun pozuntuları ilə bağlı 2000-dən çox məlumat daxil olub, onlardan 400-ə yaxınında cinayət əlamətləri aşkar edilib.

Üçüncüsü, Ermənistandakı bu seçkilər seçicilərin geniş miqyasda pulla ələ alınması ilə yadda qalıb. Ciddi iqtisadi və sosial böhran şəraitində yaşayan Ermənistan vətəndaşlarının əksəriyyəti onlara verilən "pay"ı qəbul edərək seçkidə sahiblərini dəstəkləyiblər. Yəni erməni siyasətçiləri hakimiyyətdə təmsil olunmaq üçün insanların səsini pulla alıblar.

 

 

Təsadüfi deyil ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bildirib: "Bu seçkilərdə ideoloji mübarizənin heç bir əhəmiyyəti yox idi. Aydındır ki, bu, güc metodundan istifadə ilə pul kisələrinin mübarizəsi idi. Xüsusilə, əksər seçicilər elə çətin sosial durumda idilər ki, görünür, puldan imtina edə bilməzdilər və yəqin ki, "səs hərracı"nda iştirak ediblər".

Yeri gəlmişkən, R.Koçaryan, ümumiyyətlə, seçkilərdə səs verməyib. Onun ölkə hüdudlarından kənarda olduğu bildirilir.

Seçkilərin nəticələrinə gəlincə, 1496 seçki məntəqəsi üzrə hesablanan bülletenlərin 97 faizinə əsasən, səslərin əksəriyyətini, yəni 49,21%-ni hakimiyyətdə olan Respublika partiyası "qazanıb".

İkinci yerdə isə 27,33% səslə oliqarx, kriminal aləmin nümayəndəsi hesab edilən və qəddarlığı ilə ad çıxarmış Qaqik Tsarukyanın rəhbərlik etdiyi "Tsarukyan" seçki bloku gedir. Daha sonrakı yerləri 7,75% səslə deputat Nikol Paşinyanın rəhbərlik etdiyi "Yelk" ("Çıxış") bloku və 6,59% səslə Erməni İnqilab Federasiyası "Daşnaksutyun" tutub. Seçkilərin hazırkı nəticələrinə görə, məhz bu 4 siyasi qüvvə parlamentdə təmsil olunmaq hüququ qazanıb.

 

 

Digər blok və partiyalar isə parlamentə keçid səddini aşa bilməyiblər. Ermənistan qanunlarına görə, parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır.

Bu meyarlara əsasən, keçid səddini aşa bilməyən Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın başçılıq etdiyi "Seyran Ohanyan-Raffi Hovannisyan-Vardan Oskanyan" və seçkilərə sülh şüarı ilə qatılmış Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Ermənistanın Xalq Partiyası Konqresi" seçki blokları və Milli Təhlükəsizlik Şurasının sabiq katibi Artur Baqdasaryanın lideri olduğu "Erməni dirçəlişi" partiyası, eləcə də seçkilərdə iştirak etmiş "Azad demokratlar" və Kommunist partiyaları deputat mandatına həsrət qalıblar.


Hərçənd, iqtidar bu dəfə parlamentdə siyasi monopoliyanı əldən verib və əvvəlkinə nisbətən daha az səs toplayıb, lakin bununla belə yenə də mövcud vəziyyət hakimiyyəti əldə saxlamağa imkan verir. Ona görə də, güman ki, Ermənistanda əsas siyasi mübarizə hələ bundan sonra qızışacaq. Çünki böyük ehtimalla müxalif qüvvələr "Qarabağ klanı"nı hər vəchlə hakimiyyətdə saxlamağa yönəlmiş bu seçkilərin nəticələrini, baş verən saxtakarlıqları və özbaşınalıqları həzm edə bilmədiyindən etiraz aksiyalarına başlayacaqlar. Ermənistandakı siyasi mübarizənin milli xüsusiyyətlərini nəzərə alsaq, bunun təkcə siyasi müstəvidə deyil, qarşıdurma və silah yolu ilə davam edəcəyini ehtimal etmək olar. Bunun üçün təkcə 2008-ci ilin prezident seçkilərindən sonra mart qırğınını xatırlamaq kifayətdir. /Milli.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar