14 il əvvəl təyyarə qəzasında həlak olan polkovnik-leytenanta şəhid statusu verildi
09.03.2022 115 0.0 0

Azərbaycanda 14 il əvvəl təyyarə qəzası nəticəsində itkin düşən pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova şəhid statusu verilib.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, 14 ildən sonra şəhidlik statusu sənədləri polkovnik-leytenantın ailəsinə təqdim olunub.

Xatırladaq ki, polkovnik-leytenant F. Əsgərov 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi ilə təlim uçuşu keçirən zaman qəzaya uğrayıb.

Hadisədən bir neçə gün sonra təyyarədə olan digər pilot, kapitan Əfqan Aslanovun meyiti tapılsa da, F. Əsgərovun nəşi bu günə qədər tapılmayıb.

Qeyd edək ki, Fəxrəddin Əsgərov 1974-cü il 29 iyun tarixində Qazax rayonunda dünyaya gəlib. 1992-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və elə həmin il müsabiqə yolu ilə seçilərək təhsilini davam etdirmək üçün Türkiyə Respublikası Ali Hərbi Təyyarəçilik məktəbinə (Hava Harp Okulu) göndərilib. 1996-cı ildə ali təhsilini fərqlənmə ilə başa vurub.

2005-ci ildə 31 yaşında polkovnik-leytenant rütbəsinə yüksəlib. Dövründə keçirilən hərbi paradların təşkilində yüksək fəallıq göstərib, Azərbaycan bayrağını Vətən səmasına çəkən ilk pilotlarımızdan olub. Həmin dövrün ən çox uçuş saatı olan pilotu olub. "Hərbi xidmətlərə görə" medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif olunub./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar