YENİ BİR MƏMUR OĞLU MƏTBUATIN GÜNDƏMİNİ ZƏBT EDİR.
11.08.2014 1954 0.0 0

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Ramiz Quliyevin oğlu Mirmahmud Quliyev bahalı maşınlar və milyonluq villalarının şəkillərini paylaşıb 

Son dövrlər Azərbaycanda məmur övladları və yaxınları öz sərvətlərini, sürdükləri bahalı maşınları, yaşadıqları milyonluq evləri nümayiş etdirmək yaraşına çıxıblar. Bir müddət əvvəl nəqliyyat naziri Ziya Məmmədovun yaxınlarının ortaya çıxan fotoları demək olar ki, bu işi dəbə çevirib.Araşdırmalarda isə daha bir məmur oğlunun bu tip hərəkəti üzə çıxıb. 

Bu dəfə sərvətini, bahalı maşınlarını nümayiş etdirən şəxs Mirmahmud Quliyevdir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Ramiz Quliyevin oğlu olan bu şəxs özünün Facebook sosial şəbəkəsindəki profilində son model «Toyota Camery» maşınını, yaşadığı bahalı villalarının fotolarını yayıb. 

Araşdırmalar zamanı o da məlum olub ki, Mirmahmud Quliyev həmçinin adı bir müddət əvvəl korrupsiya qalmaqalına qarışmış «Kutlubey Harita İnşaat və Mühendislik Sanaye Ticaret AŞ» şirkətində çalışır. Özünün profil səhifəsində dəqiq yaşını göstərməyən, lakin fotolarından 22-23 yaşlı olduğu diqqəti çəkən məmur oğlunun belə bir şirkətdə çalışması şübhəsiz ki, atasının hesabına reallaşıb (www.facebook.com/miri.guliyev).

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərliyi ilə bir müddət əvvəl kadastr işlərinin aparılması və xəritəçəkmə məsələləri ilə bağlı elan edilmiş tenderi Türkiyənin “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” şirkətinə verib. Bu tenderin dəyəri təqribən 76 milyon manat hesab olunur. 

Məlumata görə, iki ilə qədər davam edən bu «şəriklilik» sonradan münaqişəyə çevrilib. Səbəb isə ortadakı pulların təkbaşına yeyilməsi istəyi olub. Elə buna görə də, Kərəm Həsənovun təşəbbüsü ilə ortalıq qarışıb və Türkiyədəki ortaqlar oyundan çıxarılıb. Vurğulanır ki, tenderi “udmaq” üçün Kadastr Xidmətinin rəisi Ramiz Quliyevlə anlaşan ortaqları oyundan kənarlaşdırılıblar. 

Həmin məlumatlarda qeyd olunur ki, “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” tenderi udmaq üçün xidmət tariflərini tenderə uyğun qruplaşdırıb. Bunun üçün də komitədəki adamlarına yüksək məbləğdə vəsait ödənilib. Bildirilir ki, tender elan edən təşkilat qalibləri özü müəyyənləşdirir, onların xidmətinə və tarifinə diqqət yetirir. Eyni zamanda, o da deyilir ki, bu xidmət və tariflər isə tenderi təşkil edən təşkilatın gizli silahıdır. Yəni, heç kimə göstərilmir. Çünki bu cür sənədlərin istənilən bir şirkətin əlinə keçməsi tenderin pozulması deməkdir. 

Araşdırmalar zamanı məlum olub ki, komitənin adından bütün işləri, tenderin udulması prosesini qurumun kadastr direktoru Ramiz Quliyev aparıb. Şirkətin sahibi Altan Çətinqayanı komitənin sədr və müavinləri ilə də o tanış edib. Anlaşmadan sonra, qalib gəlmək üçün Türkiyə şirkəti Əmlak Komitəsinə külli miqdarda pul da verib. 

Qeyd edək ki, “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret” Anonim Şirkətinin Bakı ofisinin rəhbəri Mustafa Çakırdı. Onu bu işdə, tenderin udulmasında yardım edən şəxs isə Türkmən Çayır adlı şəxsdir. Tərəflər arasında bir müddət öncə mübahisə düşəndə Türkmən Çayır mətbuata açıqlama verərək bir sıra mətləblərə aydınlıq gətirmişdi. O bildirmişdi ki, Azərbaycanda bu tenderin udulmasına qədərki bütün mərhələlər haqqında yetərincə bilgisi var. Üstəlik, onu da vurğulamışdı ki, bu layihənin bütün xərclərinə də şərikdir. «Azərbaycanda Kadastr İdarəsinin rəisi Ramiz Quliyev də daxil olmaqla, məsələ ilə bağlı bütün danışıqlar, yazışmalar, rəsmi və qeyri-rəsmi ödəmələrlə bağlı bilgim var. Biz Ramiz bəylə layihə haqqında söhbət başlayan gündən indiyə qədər birlikdə hərəkət etmişik. İndi Ramiz Quliyev və Altan Çətinkaya məni layihədən kənarlaşdırmaq düşüncəsindədirlər. Mən də təbii olaraq bu məsələyə etirazımı bildirirəm». 

Həmin vaxt bütün sirləri açacağını bəyan edən Türkmən Çayırı razı salmaq üçün danışıqlar aparılıb və məsələ müsbət həllini tapıb. Çünki ortada Kərəm Həsənovun da adının hallanacağı kimi bir təhdid vardı. Məsələn, sözügedən şəxs öz açıqlamasında vurğulayırdı ki, tenderin udulması üçün konkret kimlərlə danışıqlar aparıldığını, rüşvətin miqdarını, nazir başda olmaqla digər şəxslərə bu rüşvətdən nə qədər pay düşdüyünü açıqlayacağını bəyan edirdi. 

Məlumata görə, bütün bu proseslərdən sonra dövlət büdcəsindən ayrılan milyonlarla pul Kərəm Həsənovla “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret” Anonim Şirkətinin rəhbəri Altan Çetinkayanın nəzarətində qalıb. Türkmən Çayır isə Türkiyədə turizm və inşaat sektorunda fəaliyyət göstərməkdədir. 

-//JAM.Az

 

Teqlər:YENİ BİR MƏMUR ÖĞLU MƏTBUATIN GÜNDƏ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar