Taleh Bağırov və digərlərinin məhkəməsi təxirə salınıb
23.09.2016 652 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Məlumata görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən Abbas Hüseynovun iştirakının təmin olunması barədə vəsatət qaldırıblar.
 
Bildiriblər ki, o iclasda iştirak etməsə, vəkillər şahidlərin dindirilməsində iştirak etməyəcəklər.
 
F. Qəhrəmanlı isə deyib ki, vəsatət təmin olunmasa, zalda əyləşənlərlə başqa mövzuları müzakirə edəcəklər.
 
Hakim isə bildirib ki, onlar qanunlara tabe olmalıdırlar. Prokuror Nəsib Bayramov deyib ki, vəkillərin vəsatəti prosesin süründürməçiliyinə xidmət edir, digər şəxslərin hüquqlarını pozur.
 
Məhkəmə vəsatəti təmin etməyib. Bu zaman təqsirləndirilən şəxslər siyasi şüarlar qışqırıblar.
 
Hakim iclası sentyabrın 28-nə təxirə salıb və vəkillərdən Vəkillər Kollegiyasına şikayət edəcəyini deyib.
 
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
 
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar