Səfir Azərbaycan parlamentində İran haqqında səslənən fikirlərə münasibət bildirib
15.06.2016 793 0.0 0

 İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan Milli Məclisində İran haqqında səslənən fikirlərə münasibət bildirib. Səfirliyin saytına istinadən verilən məlumata görə, səfir səslənən fikirlərin dost və qardaş olan iki ölkə arasında əlaqələrin inkişafına yardım etmədiyini bildirib.  
 
O, Tehran və Bakı arasında mövcud olan bugünkü müsbət əlaqələrin heç bir zaman mövcud olmadığına diqqət çəkib: “Ermənistan xarici işlər nazirinin Tehrana səfəri İran İslam Respublikasının qonşu dövlətlərlə siyasi əlaqələrin tənzimlənməsi çərçivəsində həyata keçib və bu səfər heç bir ölkənin əleyhinə olmayıb”.
 
Möhsün Pakayin bəzi media qurumlarının Həsən Ruhaninin yaxın zamanlarda İrəvana səfəri ilə bağlı yaydığı xəbərlərin əslində güman əsasında olduğunu deyib: “İran İslam Respublikasının prezidentinin səfər proqramı və həmin səfərlərin dəqiq tarixi milli mənafe çərçivəsində həyata keçir. Təbii ki, hər səfərdən öncə bununla bağlı Prezident Administrasiyası tərəfindən lazım olan məlumatlar verilir. Son 3 il ərzində İran və Azərbaycan prezidentlərinin 6 dəfə görüşməsi iki ölkə rəhbərlərinin ölkələr arasında münasibətlərin inkişafı üçün siyasi iradəyə malik olduğunu göstərir. İki ölkə prezidentinin bu müddət ərzində bir-biri ilə bu qədər görüşməsi və iki ölkə arasında imzalanmış sənədlər İranın qonşu dövlətləri arasında bənzərsizdir”.
 
Səfir iki tərəfli və çoxtərəfli münasibətlərin genişlənməsinin zəruri olduğunu da bildirib: “Gələcəkdə də İranın yüksək səviyyəli dövlət məmurlarının Bakıya səfəri və xüsusilə də Bakıda keçiriləcək iclasda İran, Rusiya və Azərbaycan prezidentlərinin görüşünün şahidi olacağıq. Gələcəkdə bizim Azərbaycan Respublikası ilə əlaqələrimiz bir qonşu, dost və tərəfdaş ölkə olaraq əvvəlki illərdən daha yüksək səviyyədə genişlənəcək"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar