Qüdrət Həsənquliyev:Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etməlidir
28.11.2016 648 0.0 0

Azərbaycan BMT Təhlükəsizlik Şurasına Xocalı soyqırımı ilə bağlı müraciət etməlidir.
 
Məlumata görə, bunu Milli Məclisdə keçirilən “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasında hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatında deputat Qüdrət Həsənquliyev bildirib. O qeyd edib ki, indiyə qədər Azərbaycanın Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq cinayət məhkəməsinə müraciət etməməsi düzgün olmayıb: “Mənim üçün hələ də qaranlıqdır ki, Azərbaycan niyə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir? Azərbaycanın bu quruma qoşulmamasının səbəbləri bəlli deyil. Azərbaycan mütləq BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir. Biz BMT TŞ sədri olduq, bu məsələ gündəmə gəlmədi. Mövcud qanunvericiliyimiz imkan verir ki, qiyabi məhkəmə keçirilsin. Bundan sonra sənədlər BMT baş katibinə təqdim olunmalıdır. Azərbaycan mütləq bu addımı atmalıdır. Soyqırım törədənləri yalnız Azərbaycan özü cəzalandırmalıdır. Biz reallıqları bilirik. Dünyada çox təəssüf ki, islamofobiya var. Ona görə də Azərbaycan özünə müttəfiqlər tapmalıdır. Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür. Amma Azərbaycan bu barədə də ciddi şəkildə düşünməli, özünə hərbi-siyasi müttəfiqlər tapmalıdır”.
 
Q. Həsənquliyev təklif edib ki, qiyabi məhkəmələr qurulmalı və qəbul olunan qərarlar Xarici İşlər Nazirliyi vasitəsilə BMT baş katibinə təqdim edilməlidir.
 
MM Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov isə cavabında bildirib ki, Azərbaycan 1997-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin Romadakı toplantısında iştirak edib, ancaq sənədə imza atmayıb və onu ratifikasiya etməyib: “Mən açıq deməliyəm ki, bu məhkəmə yarandığı müddətdən bu günə qədər çox təəssüf ki, ona bəslənən ümidləri doğrultmur. Bu gün Beynəlxalq Cinayət Məhkəməsindəki işlərin hamısı Afrika ilə bağlıdır. Hətta belə fikir var ki, bu, regional xarakter daşıyan məhkəmədir və ancaq Afrika üçün yaradılıb. Bir neçə dövlət artıq məhkəməyə müraciət edib ki, onun nizamnaməsində iştirak etməyəcək. Bir sıra məhkəmə qərarları isə siyasi xarakter daşıyır”.
 
Xocalıda törədilən soyqırımla bağlı beynəlxalq tribunalın yaradılmasına gəldikdə, N. Səfərov deyib ki, bu imkan həmişə mümkündür: “Belə cinayətlər törədildikdə bu kimi orqanlar yaradıla bilər. Ancaq mütləq və mütləq Təhlükəsizlik Şurasının razılığı olmalıdır. Yəni nəzəri cəhətdən bunu da istisna etmək olmaz”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar