QONDARMA "QARABAĞ RESPUBLİKASIN" TANIYAN KALİFORNİYAYA RƏSMİ REAKSİYA.
28.08.2014 1448 0.0 0
 
 
"Erməni lobbisindən seçki kampaniyaları üçün daim külli miqdarda maliyyə dəstəyi alan, onlardan tam asılı vəziyyətdə olan senatorlar lobbini razı salmaq üçün bu qətnaməyə səs veriblər. Bu isə əsl siyasi korrupsiyadır"

 

 “ABŞ-ın Kaliforniya Ştatında qəbul olunmuş sənədin heç bir hüquqi mahiyyəti yoxdur, o,  kağız parçasından başqa bir şey deyil. Bu sənəddə Dağlıq Qarabağ Respublika kimi tanınmır, ştatın belə bir qərar qəbul etmək hüququ yoxdur”.

 

Qazeta.info bildirir ki,bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirdiyi brifinqdə deyib.

 

Onun sözlərinə görə, Kaliforniyadakı senatorlar erməni təbliğatının qurbanıdır: "Onlar  erməni icmasının maliyyə təsiri altındadırlar.  Qəbul olunmuş sənədə 40 senatordan 17-i, o cümlədən Senat prezidenti də səs vermədən imtina edib. Sənəd deklorativ xarakter daşıyır və heç bir təsiri yoxdur. Ancaq erməni tərəfi bunun üzərində yalançı təbliğat qurmağa, başda radikal erməni lobbisi olmaqla sadə erməniləri hər zamankı kimi aldatmağa çalışırlar. Bu yalanları biz - Azərbaycan tərəfi ifşa edəcəyik".

 

Qeyd edək ki, dünən ABŞ-ın Kaliforniya ştatının senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması üçün ABŞ Konqresinə və prezidentinə müraciət ünvanlayıb. Erməni KİV-ləri isə bunu Kaliforniya ştatının "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyinin" "tanınması" kimi qələmə veriblər.   

 

Bununla bağlı Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu da bəyanatla çıxış edib. Bəyanatda qeyd olunub ki, qətnamə layihəsi bir müddət öncə Kaliforniya Senatının gündəliyinə daxil edilib: "Qətnamə gündəliyə gətirilən andan Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən bütün senatorlara dəfələrlə məktub göndərilib, onlarla çoxsaylı görüşlər keçirilib, qətnamənin tam qərəzli, ABŞ xarici siyasətinə zidd olduğu, o cümlədən etnik təmizləməyə, qanunsuz işğala haqq qazandırdığı diqqətə çatdırılıb. Bundan başqa, Kaliforniyadakı Azərbaycan icması səfərbər olunub, Senata müxtəlif vasitələrlə öz etirazlarını çatdırıb".

 

Bəyanda göstərilib ki, ştatın Senatındakı 40 senatordan 17-si qətnamənin lehinə səs verməkdən imtina edib: "Erməni lobbisindən seçki kampaniyaları üçün daim külli miqdarda maliyyə dəstəyi alan, beləliklə, onlardan tam asılı vəziyyətdə olan senatorlar isə lobbini razı salmaq üçün bu qətnaməyə səs veriblər. Bu isə əsl siyasi korrupsiyadır. Buna başqa ad vermək mümkün deyil. Bu həmçinin, ABŞ demokratiyasının və siyasi sisteminin qüsurlu olmasının bariz göstəricisidir. Hansısa etnik lobbi razı qalsın deyə, ABŞ-ın rəsmi mövqeyinə və milli maraqlarına zidd olan belə qətnamənin qəbulunun mümkün olması göstərir ki, Amerika siyasi sisteminin ciddi islahatlara ehtiyacı var".

 

Bəyanatda bu qətnamənin hüquqi-siyasi önəmi olmadığı xatırladılıb və "deklarativ xarakterli kağız parçası" adlandırılıb: "Bütün dünya, eləcə də ABŞ Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Və belə kağız parçaları bu mövqeyi dəyişmək iqtidarında deyil".//APA


Teqlər:QONDARMA QARABAĞ RESPUBLİKASI ÜÇÜN

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar