Qəbələnin Nic qəsəbəsində Milad bayramı qeyd edilib- FOTO, VİDEO
07.01.2016 776 0.0 0

Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər İsa Peyğəmbərin mövludu günü, Milad bayramını qeyd ediblər.
 
Məlumata görə, bu gün “Cotari” alban kilsəsində təşkil olunan bayram mərasimində  Alban-udin icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin onlara olan diqqət və qayğısından danışıblar. Həmçinin, bayram münasibətilə təbriklər səsləndirilib.
 
Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nicdəki “Cotari” alban kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Məlumat verilib ki, Nic qəsəbəsində 3 kilsə və iki məscid var. Altı min nəfər əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Ümumilikdə isə ölkəmizdə 4000 nəfər udin yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır.
Dünyada yaşayan udinlərin sayının 10 minə yaxın olduğu bildirilib. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.
 
Qeyd edilib ki, sovetlər dönəmində udinlərə öz milli bayramlarını qeyd etmək qadağan olunub. Ancaq ölkəmiz müstəqillik əldə etdikdən sonra onlar etnik xalq olaraq öz bayramlarını hər il qeyd ediblər. 2002-ci ildə “Cotari“ məbədi əsaslı təmir və bərpa olunaraq udinlərin istifadəsinə verilib.
 
Müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir.
 
Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub, bayram süfrəsi açılıb./apa/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar