Prokuror Eldar Həsənovun bu əmlaklarının müsadirə olunmasını istədi- Siyahı
07.01.2022 151 0.0 0

Sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Qazeta.info APA TV-nin xəbərinə əsasən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Anar Nəsibov çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə (179.3.2), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya əmlakı leqallaşdırma (193-1.3.2), vəzifə səlahiyyətlərindən sui-istifadə (308.2), dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə (308-1.1) və vəzifə saxtakarlığı (313) maddələri ilə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirildiyini diqqətə çatdırıb.

Dövlət ittihamçısı toplanmış kifayət qədər sübut və dəlilləri, həmçinin şahid ifadələrini əsas gətirərək Eldar Həsənovun elan olunmuş maddələrlə təqsirli bilinməsini və 11 il azadlıqdan məhrum edilməsini tələb edib.

Prokuror çıxışında qeyd edib ki, Sabunçu rayonu, Nardaran qəsəbəsində Eldar Həsənova məxsus bağ evi və torpaq sahəsi, Nəsimi rayonunda yerləşən mənzil, Nərimanov rayonunda yerləşən mağaza, Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi, Xətai rayonunda yerləşən fərdi yaşayış evi, həmçinin, Monteneqroda yerləşən mənzil müsadirə edilməlidir.

Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinin nümayəndəsi məhkəmədə çıxış edərək 18 milyon 500 min manatın ödənilməsini istəyib.

Digər zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsi də dəymiş ziyanın tam ödənilməsini xahiş edib.

Qeyd edək ki, Eldar Həsənov məhkəmədə dörd vəkillə müdafiə olunub. Sabiq səfir məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyib.

 


Loading...
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar