Prezident İlham Əliyev Gəncə şəhərinə səfərə gəlib
17.02.2016 643 0.0 0

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Prezident İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Bildərək ki, VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” kompleksi Gəncə şəhərinin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.

Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olub.

Müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” kompleksi XIX əsrdə bərpa edilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Kompleks Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir və orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən hesab edilir. Ölkənin dini–tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin də təmiri və bərpasına xüsusi diqqət göstərib. İnsanların inam və inanc yeri kimi üz tutduğu bu məbəd məhz dövlətimizin başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm alıb.

Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşüb.

Mərasim müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

 

Daha sonra, səfər çərçivəsində Prezident İlham Əliyev Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında aparılan əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Məlum olduğu kimi Azərbaycanda səhiyyənin inkişafı sosial siyasətin başlıca istiqamətlərindən biridir. Bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsində Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət əsas rol oynayır. Səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunmasında müstəsna əhəmiyyətə malikdir. Azərbaycan vətəndaşlarının ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması üçün səhiyyə müəssisələrinin təmiri və bərpası, yeni tibb ocaqlarının tikintisi və onların ən müasir avadanlıqla təminatı, vətəndaşların müalicəsi, uşaqların bütün növ tibbi xidmətlərlə yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsasını təşkil edir.

 Ölkəmizin digər bölgələrində olduğu kimi, Gəncədəki Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının əsaslı təmiri səhiyyə sahəsində görülən tədbirlərin bir hissəsidir. Bu xəstəxananın yenidənqurmadan sonra istifadəyə verilməsi sakinlərin yüksək səviyyəli səhiyyə xidmətindən istifadəsinə geniş imkanlar yaradır.

Prezidentə məlumat verilib ki, ərazisi 3,2 hektar olan xəstəxanada əsaslı təmir və yenidənqurma işlərinə 2012-ci ildə başlanılıb. 245 çarpayılıq xəstəxana binası beşmərtəbəlidir. Burada cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri–zöhrəvi şöbələri fəaliyyət göstərəcək. Bundan başqa, tibb müəssisəsində rentgen, fizioterapiya, laboratoriya, ultrasəs müayinə, EKO bölmə və kabinetləri də yaradılıb. Xəstəxanada nüvə maqnit rezonans tomoqrafiya, rəqəmsal rentgen cihazı, çoxkəsikli kompyuter tomoqrafiyası, immunoferment analizatoru, biokimyəvi analizator və tibbin ən son nəaliyyətləri olan digər avadanlıq və cihazlarlar var. Burada quraşdırılan avadanlıq hesabına ən dəqiq laborator analizlər aparmaq, diaqnoz qoymaq mümkündür.

Tibb ocağında müalicə işini də ən yüksək səviyyədə həyata keçirmək üçün hərtərəfli imkan var. Buradakı avadanlıq dünyanın aparıcı ölkələrinin nüfuzlu tibb cihazları istehsalı ilə məşğul olan şirkətlərinin məhsullarıdır. Xəstəxanada 370 tibb işçisi çalışır ki, onların 56-sı həkimdir. Tibb müəssisəsinin xidmətindən nəinki şəhər, eləcə də ətraf rayonların əhalisi istifadə edə biləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar