Nazirlik Macarıstanda təhsil alacaq azərbaycanlı gənclərlə bağlı yayılan məlumatlara münasibət bildirib
09.08.2017 686 0.0 0

Təhsil Nazirliyi bu il Macarıstan hökumətinin bəzi azərbaycanlı tələbələrin təhsil xərclərini maliyyələşdirməkdən imtina etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən  sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü ilin 11 noyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış 2015-2017-ci illər üzrə İş Proqramına uyğun olaraq, azərbaycanlı tələbələr Macarıstana təhsil almaq imkanı qazanıblar. 


İş Proqramında müəyyən olunmuş kvota üzrə ixtisas istiqamətlərinə müraciət edənlər arasında dil və ixtisas bilikləri, ümumi dünyagörüşü üstün olan namizədlərə üstünlük verilir. Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilmiş 3 universitetdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmur. 

Namizədlərin ilkin seçimi Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri tərəfindən aparılır. Müsbət rəy almış namizədlərin adları Macarıstan tərəfinə təqdim olunur. Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri namizədlərin sənədlərini təhlil edir. Namizədlərlə bağlı yekun qərar yalnız Macarıstanın ali təhsil müəssisələri və Macarıstan hökuməti tərəfindən yaradılmış Tempus Qeyri Kommersiya Fondu vasitəsi ilə verilir.

 

Ümumilikdə, 2015/2016-cı tədris ilində 51 nəfər, 2016/2017-ci tədris ilində 182 nəfər bu təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanıb. Hazırda tələbələr “Budapest Business School”, “Corvinus University of Budapest”, “University of Debrecen”, “University of Szeged”, “Eötvös Lorand University” kimi ali təhsil müəssisələrində təhsil almaqdadırlar.

Bu il təqaüd proqramına müraciət edən namizədlərin sayı 1000 nəfərdən artıq olub. Təhsil Nazirliyi Macarıstanın müəyyən etdiyi təqaüd proqramına uyğun gələn 243 nəfər namizədin adını Macarıstan səfirliyinə göndərib. Macarıstan tərəfi kvota üzrə nəzərdə tutulan  200 nəfərdən 164 nəfər tələbəyə təqaüd ayrılması ilə bağlı qərar qəbul edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar