Nazir Kəmaləddin Heydərov Qətər Dövlətində səfərdə olub
01.11.2016 856 0.0 0

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvəti ilə 31 oktyabr-1 noyabr 2016-cı il tarixlərində Qətər Dövlətində səfərdə olmuşdur.
Qazeta.info Fövqəladə HallarNazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, səfər çərçivəsində nümayəndə heyəti Qətər Dövlətinin əmiri, əlahəzrət Şeyx Təmim bin Həməd Əl Taninin himayəsi altında Doha şəhərində 30 ölkədən 146  nümayəndə heyətinin iştirakı ilə  keçirilən “Millipol Qətər-2016” daxili təhlükəsizlik sərgisi ilə tanış olmuşdur.

Səfər zamanı, həmçinin, nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ilə görüşmüşdür. Görüş zamanı Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmiş, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirmişdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən nazir Kəmaləddin Heydərov dövlət başçılarının qarşılıqlı səfərlərinin, o cümlədən cari ilin mart ayında Qətər Əmirinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da inkişafina xüsusi təkan verdiyini vurğulamışdır. O, həmçinin, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın işinin təşkili ilə bağlı məlumat vermiş, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Qətər Dövlətinin uyğun qurumları arasında mövcud əməkdaşlıq münasibətlərindən geniş bəhs etmişdir.

Bundan başqa, nümayəndə heyəti Qətər Dövlətinin Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə yaxından tanış olmuşdur.

Səfər çərçivəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Əl Tani ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif aspektləri müzakirə edilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qətər Dövlətinin əmiri, əlahəzrət Şeyx Təmim bin Həməd Əl Taninin birgə təşəbbüsü əsasında yaradılmış Hökumətlərarası Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır. İki ölkə arasında biznes əlaqələrinin inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması və sərmayə imkanlarının genişləndirilməsi məqsədilə Birgə Komissiyanın işinin səmərəli təşkilinin vacibliyi qeyd edilmişdir. Bununla əlaqədar hazırki mərhələdə qarşılıqlı maraq doğuran istiqamətlər müəyyən edilərək, yaxın zamanlarda Birgə Komissiyanın ilk iclasının təşkili məqsədəuyğun hesab edilmişdir.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar