NAZİRLİK YUNESKO-NUN LAVAŞ QƏRARI İLƏ BAĞLI AÇIQLAMA YAYDI
27.11.2014 1423 0.0 0

Qazeta.info Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, YUNESKO-da baxılması üçün Ermənistan tərəfindən təqdim edilən Lavaş erməni çörəyi kimi qələmə verilmişdir. Yəni, ermənilər lavaşın yalnız onlara məxsus olmasını iddia edirdilər.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turzm Nazirliyi, AR YUNESKO yanında Daimi Nümayəndəliyi, YUNESKO üzrə Milli Komissiyanın birgə apardıqları qabaqlayıcı tədbirlər nəticəsində Lavaşın erməniləşdirilməsinin, erməni millətinə mənsub olmasının qarşısı alınmışdır. YUNESKO öz qərarında bu elementin Ermənistan ərazisində də mövcud olması ilə razılaşmışdır. Halbuki, Ermənistan tərəfi həm iclasdan öncə, həm də iclas zamanı israrla Lavaşın erməni çörəyi adı altında YUNESKO-nun Reprezentativ siyahısına daxil edilməsinə cəhd göstərirdi. Belə ki, Ermənistanın Lavaşı erməni çörəyi kimi təqdim etmək cəhdlərinin Azərbaycan və Türkiyə tərəfinin birgə səyi ilə qarşısı alınmış və Komitə tərəfindən qəbul edilməmişdir. İlkin olaraq baxılması üçün təqdim olunan faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional Armenian bread as an expression of culture" ("Lavaş, ənənəvi erməni çörəyinin hazırlanması, məzmunu və görüntüsü mədəniyyətin ifadəsi kimi") olduğuna baxmayaq, son qəbul edilən faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional bread as an expression of culture in Armenia" ("Lavaş, ənənəvi çörəyin hazırlanması, məzmunu və görüntüsü Ermənistanda mədəniyyətin ifadəsi kimi") olmuşdur. Bununla da YUNESKO qərarında bildiririlir ki, Lavaş bütün regionda hazırlanır və bu element ermənilərin eksklyuziv çörəyi deyil. 

Qərarla bu ünvanda tanış olmaq olar http://www.unesco.org/culture/ich/en/RL/00985 

Ümumiyyətlə qeyd edilməlidir ki, YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması konvensiyasına əsasən Reprezentativ siyahıya təqdim edilən mədəni elementlər həmin elementin hər hansı xalqa və yaxud dövlətə məxsus olmasını müəyyən etmir və əslində həmin elementin həmin ölkənin ərazisində mövcudluğunu göstərir. Yəni, bir ölkənin ərazisində müəyyən qrup insan həmin elementin daşıyıcısıdırsa, həmin ölkənin hüququ var ki, onu qorumaq üçün YUNESKO-ya təqdim etsin. Belə ki, YUNESKO siyahısı mədəni irsin mənsubiyyətini təyin etmir, onu qorumaq üçün qəbul edir. Əgər bir neçə ölkədə həmin mədəni irs nümunəsi varsa, bu ölkələr hər hansı bir elementi YUNESKO-ya birlikdə çoxmillətli fayl kimi, və yaxud ayrı-ayrılıqda təqdim edə bilər. 
Komitə çərçivəsində Azərbaycanın təşəbbüsü ilə region ölkələrinin nümayəndələrinin birgə görüşü keçirilmiş və qərara alınmışdır ki, növbəti ildə lavaş region ölkələrinin birgə mətbəx irsi kimi YUNESKO-ya təqdim edilsin.

Ermənistanla Azərbaycan müharibə şəraitindədir və Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Belə ki, informasiya müharibəsi fonunda mövcud olan həssaslığı nəzərə alaraq, istənilən məlumatın cəmiyyətə təqdimatı real faktlara və etibarlı mənbəyə istinad edilməlidir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar