Mübariz Qurbanlı: `Cəhalət, xurafat olan yerdə mütləq dini radikalizm baş qaldırır`
28.09.2017 1306 0.0 0

Bakıda Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” mövzusunda konfrans keçirilib.

 

 

 

Məlumata görə, Komitə sədri Mübariz Qurbanlı bildirib ki, tədbir Azərbaycan prezidenti tərəfindən elan olunan “İslam həmrəyliyi ili” çərçivəsində keçirilir və Azərbaycanda islami dəyərlərin təbliğində dini maarifçiliyə geniş yer ayrılır: “Cəhalət, xurafat olan yerdə mütləq dini radikalizm baş qaldırır. Dini radikalizmin yaranması üçün mühit olmamalıdır. O mühitin olmaması üçün isə elm, təhsil mütləqdir. Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsində milli-mənəvi dəyərlərimizin qorunması önəmli yerlərdən birini tutur. Bu dəyərləri qorumaq üçün təbii ki, dini maarifləndirməyə də xüsusi diqqət yetirməliyik.

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev qeyd edib ki, insanların kifayət qədər dini savadı olsa, xurafata meyl də olmaz: “Amma etiraf edək ki, bu gün kifayət qədər dini savadı olan insanlarımızın sayı çox deyil. Ona görə də, yaxşı olardı ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və QHT-lərə Dövlət Dəstəyi Şurası birgə açıq müzakirələr keçirsin. Bəzi mollalar məclis aparanda çox yanlış məlumatlar verirlər. Belə halların aradan qaldırılmasında QHT-lər xüsusi rol oynaya bilər. Açıq müzakirələrdə hər bir vətəndaş da iştirak edə bilər. Digər məqam isə sosial şəbəkələrdə dini məsələlərlə bağlı təhlükəli məlumatların yayılmasına qarşı effektiv tədbirlərin görülməməsidir. Bəzi saytlar yanlış məlumat yayır, hətta terroru təbliğ edirlər. Bununla mübarizə işini yalnız hüquq-mühafizə orqanlarının üzərinə qoymalı deyilik”.

 

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev bildirib ki, maarifləndirmə işlərinə idarə tərəfindən getdikcə daha çox önəm verilir və artıq bu ildən başlayaraq mərkəzi məscidlərdə “Quran” kursları açılıb: “Əvvəllər bu, məscidlərdə gizli, qeyri-qanuni həyata keçirilirdi. İndi isə rəsmi olacaq. Müstəqilliyin ilk illərində xaricə gedib dini təhsil alan gənclər sonradan gəlib Azərbaycanda radikalizm meylləri yaymağa cəhd etdilər. Bəziləri məzhəb ayrı-seçkiliyi yaratmaq fikri ilə Azərbaycana gəlib iş görməyə başladılar. Bu da Azərbaycan gənclərinin müəyyən hissəsinin son dövrlərdə İslam aləmində mənfi istiqamətdə gedən proseslərə yönəlməsinə təsir edib. Biz həmrəy olmalıyıq. Bu halda qarşımıza çıxan problemlərin həllində mühüm rol oynaya bilərik”.

 

Çıxış edən deputat Qüdrət Həsənquliyev dini radikalizmə, xüsusilə xaricdəki dini zəmində münaqişələrə azərbaycanlıların qoşulma səbəbini kütləvi savadsızlıqla əlaqələndirib: “Bu gün araşdırsaq, görərik ki, xaricə din adı altında vuruşmağa gedən azərbaycanlıların 90 faizi kasıb və savadsız təbəqənin nümayəndələridir. Biz savadlılığa, xüsusilə qadınların təhsilinə ciddi önəm verməliyik”.

 

Tədbir ekspertlərin və dini icma rəhbərlərinin çıxışları ilə davam edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar