ƏLİ HƏSƏNOV İRANIN VİTSE-PREZİDENTİ İLƏ GÖRÜŞDÜ
26.11.2014 963 0.0 0
Bu gün Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İrana səfəri çərçivəsində bu ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri ilə görüşüb.

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin salamlarını İran prezidenti Həsən Ruhaniyə çatdırmağı xahiş edən Ə. Həsənov ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb.

 

O, prezident Həsən Ruhaninin Azərbaycana rəsmi səfərinin ölkəmizdə yüksək qiymətləndirib. İranda keçirdiyi görüşlər və danışıqlar barədə məlumat verən Ə. Həsənov deyib ki,  İmam Xomeyni İmdad Komitəsinin, Qızıl Aypara Cəmiyyətinin rəhbərləri ilə faydalı söhbətlər aparıb. O, İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə görüşlərin xüsusilə əhəmiyyətli olduğu vurğulanıb. Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb, konkret təkliflər irəli sürülüb, bu təkliflərin müştərək komissiyanın növbəti iclasında müzakirəsi məqsədəuyğun sayılıb.


Azərbaycanın başlıca probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu qeyd edən Ə. Həsənov bu münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlara göstərdiyi yardıma görə İran dövlətinə və onun Azərbaycanda fəaliyyət göstərən humanitar təşkilatlarına təşəkkürünü çatdırıb. İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirən Ə. Həsənov rəsmi Bakının Tehranla imzaladığı bütün sənədlərdə nəzərdə tutulan işlərin icra olunacağına əminliyini ifadə edib.

 

İranın birinci vitse-prezidenti İshaq Cahangiri səfər zamanı aparılan danışıqlar və müzakirə edilən təkliflərin hər iki xalqın və dövlətin mənafeyinə xidmət edəcəyinə, ölkələr arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan və İran prezidentləri tərəfindən nümayiş etdirilən siyasi iradə qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə münbit şərait yaradacaq. İ. Cahangiri İran prezidenti Həsən Ruhaninin və özünün salamlarını Azərbaycan prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov, Nazirlər Kabineti Aparatının şöbə müdiri Qurban Sadıqov, İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.//APA


Digər xəbərlər:
Şərhlər
avatar