Komitə keçirəcəyi müsabiqənin şərtlərini və istiqamətlərini açıqladı
17.04.2015 717 0.0 0

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AQUPDK) jurnalistlər üçün elan etdiyi müsabiqənin məlumatlandırma sessiyası keçirib. Tədbirdə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Teleradio Şurasının üzvü Sona Vəliyeva, millət vəkili Qənirə Paşayeva, AMEA-nın üzvü Rəna Mirzəzadə, eləcə də tanınmış ziyalılar, jurnalistlər iştirak edib. Qeyd edək ki, yazı müsabiqəsi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub. Əsas mövzusu “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” adlanır. Mövzu ilə bağlı jurnalistləri məlumatlandıran AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova cəmiyyətin bütün sahələrində qadınların danılmaz rolunu vurğulamağı vacib sayıb. Bildirib ki, cəmiyyətdə qadınları narahat edən problemləri media ilə birgə müzakirə edərək çıxış yollarını müəyyənləşdirməyi hədəfləyiblər: “Bu gün təkcə hansısa vəzifəni tutan, cəmiyyətdə müəyyən mövqe tutan qadınların işini deyil, elə ilk olaraq evdar qadınların əməyini cəmiyyətə çatdırmaq lazımdı. Sadə kənd qadınlarının öz övladlarını halal zəhmətə və dürüst vətəndaş olmağa necə alışdırmasını cəmiyyətə nümunə kimi təqdim etmək lazımdı. Mən çox istərdim ki, belə qadınları mediaya çıxarasınız və onların əməyinə dəyər verəsiniz”. Ötən il keçirilən müsabiqəyə toxunan S.Qəhrəmanova həmin yazılarda plagiatlıq, internet məlumatları əsasında hazırlanmanın daha çox hiss olunduğunu vurğulayıb. Bu dəfəki müsaiqədə belə hallara yol verilməməsini tövsiyyə edib. Ailə problemlərinin telekanallarda müzakirəsinin əleyhinə olduğunu deyən Sona Vəliyeva belə proqramların ailə dəyərlərinin aşınmasına səbəb olduğunu, qadınların daha çox qınaq obyektinə çevrildiyini vurğulayıb: “Ailə məsələlərinin, qadına qarı zorakılıqların ekranlarda yol açmasının arxasında mənəvi kasıblıq dayanır. Mən müsabiqəyə bu problemləri qabarıq şəkildə işıqlandıran və həlli yollarını göstərəcək yazıların təqdim olunmasını gözləyirəm”. AJQA prezidenti Sevil Yusifova isə müsabiqədə gənc jurnalistlərin iştirakının vacibliyini vurğulayaraq cəmiyyətdəki qadın problemlərinin həllinə gənclərin yanaşmasını görmək istədiklərini bildirib.

Xatırladaq ki, sözügedən jurnalist müsabiqəsində yaşı 35-ə qədər olan gənc jurnalistlər iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyənlər 30 aprel 2014-cü il tarixinə qədər məqalələrini və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, işlədiyi yer) gender221@yahoo.com elektron ünvanına göndərə bilərlər. Müsabiqəyə təqdim olunacaq məqalələr “arial” şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar