Komitə 200 min ha torpaq sahəsinin geri qaytarılması istiqamətində işlər aparır
08.12.2016 892 0.0 0

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq müfəttişləri tərəfindən Bakı-Şamaxı avtomobil yolunun Hökməli-Müşviqabad hissəsində monitorinqlər keçirilib. Komitədən APA verilən məlumata görə, monitorinq zamanı bir sıra hallarda hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli təyinatının və kateqoriyasının özbaşına dəyişdirilməsi faktı aşkarlanıb. Belə ki, belə torpaqlarda qanunsuz tikinti işlərinin aparılması və əlavə torpaq sahəsinin zəbt olunması halları müəyyən edilib.

 

Monitorinq zamanı aşkar olunmuş pozuntu halları ilə bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə akt və protokollar tərtib olunub. Bu akt və protokollar pozuntuya yol vermiş fiziki və vəzifəli şəxslərə təqdim edilib.

 

Vətəndaşlara hüquq və vəzifələri, eləcə də torpaq qanunvericiliyi və mühafizə zolaqları ilə bağlı tələblər izah olunub. Tətbiq olunmuş cərimələrin 30 gün müddətində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi, habelə qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilib.

 

Komitənin indiyədək keçirdiyi belə monitorinqlər sayəsində istifadədən kənarda qalıb, eləcə də səmərəsiz istismar olunan 200 min hektara yaxın torpaq sahəsinin geri qaytarılması istiqamətində işlər aparılır.

 

Ümumilikdə, komitə tərəfindən keçirilən monitorinqlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1000-dən çox hal üzrə inzibati xətaya yol vermiş fiziki, hüquqi və vəzifəli şəxslər barədə inzibati protokollar tərtib edilib. Bunlardan 900 hal üzrə inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərək  müvafiq  cərimələr tətbiq olunub. Aşkar edilmiş pozuntular əsasən kənd təsərrüfatı torpaqlarının təyinatının məqsədli şəkildə dəyişdirilməsi, dövlət və bələdiyyə torpaqlarının qeyri-qanuni zəbt olunması, süni balıq göllərinin salınması, daş karxanaların fəaliyyəti, mühafizə zolaqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulması, torpaqların üst münbit qatının korlanması ilə bağlı olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar