Jurnalist Rasim Əliyevin ölümünə səbəb olan şəxslərin məhkəməsi olub
09.02.2016 453 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Məlumata görə, prosesdə hakim Eldar İsmayılov çıxış edərək ötən proses zamanı yaşanan insidentə münasibət bildirib. Hakim qeyd edib ki, məhkəmə işə obyektiv baxır.
 
Daha sonra prosesdə təqsirləndirilən Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev çıxış edərək həkimlərin və əlavə şahidlərin məhkəməyə çağırılması ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
 
Zərərçəkmiş tərəfin vəkili Əsabəli Mustafayev isə çıxış edərək bildirib ki, tibbi ekspertizanın rəyində ziddiyyət var. O, səhiyyə naziri Oqtay Şirəliyevin məhkəməyə dəvət olunmasını istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib.
 
Daha sonra Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev ilkin ekspertizanı keçirən Hadi Hüseynov və komisyon ekspertizanı keçirən Ziyafəddin Məmmədovun prosesə çağırılıb dindirilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.
 
Proses fevralın 16-da davam etdiriləcək.
 
Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.
 
 
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

 
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar