Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı məhkəmədə ekspertlər dindirilib
16.02.2016 355 0.0 0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Məlumata görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə ilkin məhkəmə tibbi ekspertizasımı keçirən ekspert Alim Hüseynov dindirilib.
 
Ekspert Rasim Əliyevin meyitinə ilkin baxış keçirdiyini, onun bədən səthində hər hansı xəsarət izinin aşkar edilmədiyini, rəydə yazdıqlarının fotoşəkillərdə də öz əksini tapdığını bildirib.
 
Daha sonra məhkəmə komisyon tibbi ekspertizasının rəyini yazan Ziyafəddin Məmmədov prosesdə dindirilib.
 
Z. Məmmədov ekspertiza rəyini Rasim Əliyevin adına açılan tibbi kart və digər sənədlər əsasında yazdığını deyib.
 
 
Zərərçəkən tərəfin vəkili Fariz Namazlı prosesdə çıxış edərək deyib ki, Rasim Əliyevdən Klinik Tibbi Mərkəzdə izahat alınsa da, həmin izahat cinayət işi materiallarında yoxdur. Vəkil həmin izahatın polis bölməsindən alınmasını və müstəntiqin prosesə çağırılaraq dindirilməsini istəyib.
     
Məhkəmə vəsatəti qismən təmin edib. Bildirilib ki, bununla bağlı polis bölməsinə sorğu göndəriləcək, lakin müstəntiq dindirilməyəcək.
 
 
F. Namazlı R. Əliyevin döyülməsini əks etdirən videodiskin cinayət işi materiallarına əlavə olunması barədə də vəsatət verib.
 
Məhkəmə vəsatəti təmin edib.
 
 
Proses fevralın 23-də davam etdiriləcək.
   
 
Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.
 
 
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

 
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar