Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb
28.08.2015 465 0.0 0

Məlum olduğu kimi, xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin 28 avqust 2015-ci il tarixində Antalya şəhərində keçirilən üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb.

 

 

Qazeta.info XİN-in məlumatına əsasən bildirir ki, səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov 28 avqust 2015-ci il tarixində Antalyada keçirilən Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli toplantısı zamanı Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

Görüşdə Azərbaycan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli əlaqələrə aid olan məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Terrorizmin bütün forma və təzahürləri, o cümlədən Türkiyədə son günlərdə törədilən terror aktları qəti şəkildə pisləndi. Terrorizmin qurbanı olan şəhidlərin ailələrinə başsağlığı ifadə olunub.

Bundan başqa, regional əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin və mal dövriyəsinin artmasına xidmət edəcək Bakı-Tbilis-Qars dəmir yol xəttinin tezliklə fəaliyyətə başlayacağına münasibətdə məmnunluq ifadə olunub.

Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin ardınca TAP və TANAP qaz layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı və regionun enerji mənzərəsini dəyişəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, bu günlərdə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən təlimin və ümumiyyətlə, iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın əməliyyat imkanlarının artırılmasına və regional sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət etdiyi bildirilib.

Ermənistan-Azərbaycan münaqişəsinin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə həll edilməməsinin Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğu vurğulanıb.

Üçtərəfli formatda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə davamlı əsasda keçirilən bu görüşlərin kəsb etdiyi əhəmiyyət vurğulandı. Bu formatda olan toplantıların üç ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar