«Cənub-Qərb» nəqliyyat dəhlizi ilə buraxılacaq yeni sınaq qatarı Azərbaycandan keçəcək
24.10.2016 579 0.0 0

Almaniyanın "Deutsche Bahn" (Almaniyanın dəmir yolları operatoru) şirkəti bu il noyabrın sonunda "Cənub-Qərb" beynəlxalq nəqliyyat dəhlizi ilə yeni sınaq qatarı buraxacaq. Qatar marşrut boyunca Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Rumıniyadan İrana yollanacaq.

"İnterfaks"a istinadən verilən xəbərə görə, 41 konteynerdən ibarət qatar səkkiz gün ərzində Rumıniyanın Konstansa limanından Tehrana gələcək. Konstansadan konteynerlər dənizlə Gürcüstana gətiriləcək, burada dəmir yolu ilə Astaraya (Azərbaycan) çatdırılacaq. Sonra yük avtomobillərində İranın Qəzvin stansiyasına, buradan isə dəmir yolu ilə Tehrana hərəkət edəcək.

Sınaq qatarının qeyd edilən marşrut üzrə yola salınmasına dair qərar Azərbaycan, İran və Gürcüstan dəmir yolu rəhbərlərinin Tehranda "Deutsche Bahn" rəsmiləri ilə keçirilən görüşündə verilib. Görüşün iştirakçıları həmçinin "Cənub-Qərb" beynəlxalq dəniz nəqliyyat dəhlizinin inkişaf perspektivləri, Hindistan və Fars körfəzi ölkələrindən bu marşrut üzrə Avropa və geriyə yükdaşımaları mexanizmlərini də müzakirə ediblər.

"Cənub-Qərb" beynəlxalq nəqliyyat dəhlizinə dair razılaşma 2016-cı ildə Azərbaycan, Gürcüstan, İran və Ukrayna arasında imzalanıb. Dəhliz Hindistan-Fars körfəzi-İran-Azərbaycan-Gürcüstan-Qara dəniz-Avropa marşrutu üzrə işləyəcək və yüklərin Hindistandan Avropaya daşınma vaxtının 2-3 dəfə azalmasına gətirib çıxaracaq./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar