BİR NEÇƏ ÖZƏL TİBB MÜƏSSİSƏSİ CƏZALANDIRILDI
06.02.2015 861 0.0 0

Özəl tibb müəssisələri tərəfindən qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tədbirlər görüb.

Bu məqsədlə son dövrlərdə keçirilmiş yoxlamalar zamanı özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilmiş və bir sıra şəxslər barəsində inzibati-məcburedici tədbirlər görülmüşdür.

 

Qazeta.info Səhiyyə Nazirliyinə istinadən bildirir ki, tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan işlərin və xidmətlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.03.2009-cu il tarixli 49 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.3-cü maddəsinə əsasən, tibb fəaliyyəti üzrə şəxslərin məşğul ola biləcəyi işlər və xidmətlərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsində göstərilir. Buna baxmayaraq, bir sıra özəl tibb fəaliyyəti subyektləri qanunsuz olaraq xüsusi razılığın əlavəsində qeyd edilməyən işlər və xidmətləri göstərirlər.

 

Nəticədə, ciddi qanun pozuntularına yol verdiklərinə görə, “Bioloji Təbabət” MMC, “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi”, “İdeal Tibb Şirkəti” MMC və “Diaqnoz Tibb Şirkəti” MMC şirkətləri barəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirlər görülmüşdür.

 

Nəzərinizə çatdırıq ki, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmiş şəxslərin siyahısı, eləcə də müvafiq lisenziyalar üzrə həmin şəxslərin həyata keçirdiyi işlər və xidmətlər haqqında məlumatı Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsindən (http://sehiyye.gov.az/sehiyyede_ozel_sektor.html) əldə etmək mümkündür.

Lisenziyasının əlavəsində müvafiq iş və xidmətlər qeyd edilməyən müəssisələrə müraciət etməməyinizi, bununla özünüzün və yaxınlarınızın həyat və sağlamlığını təhlükə altına qoymamağınızı tövsiyə edirik.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar