Baş pediatr: `Azərbaycanda uşaqların ana südü ilə qidalanması arzu olunan həddə deyil`
06.10.2016 801 0.0 0

“Təəssüf ki, bütün dünyada, o cümlədən Azərbaycanda uşaqların ana südü ilə qidalanmasının səviyyəsi arzu olunan həddə deyil. Statistik məlumatlara görə, 1992-ci ildə 1 yaşa qədər uşaqların 25 faizi ana südü il qidalanıb. Döşlə əmizdirmənin təbliği istiqamətində UNICEF və Səhiyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində son illərdə bu rəqəm 50 faizədək yüksəlib. Bu rəqəm də arzu olunan hədd deyil”.
 
Məlumata görə, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev “Körpələrin qidalanmasında ana südünün əhəmiyyəti” mövzusunda keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Bakıda doğulan uşaqların 48-50%-i, regionlarda isə 50-55%-i ana südü ilə qidalanır. O bildirib ki, ana südü ilə qidalanan uşaqların sayını artırmaq yalnız tibb işçilərinin, pediatrların fəaliyyətindən asılı deyil. Bu sahədə uğur əldə etmək üçün bütövlükdə ictimaiyyətin ana südü ilə qidalanmaya baxışı, mövqeyi dəyişməlidir: “Ana südünün tərkibindəki zülal, yağ , karbohidrat, ferment, vitamin və minerallar uşağın həyatının ilk 6 ayının bütün tələblərinə cavab verir. Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır”.
 
Baş pediatr vurğulayıb ki, döşlə əmizdirmə həmçinin ananın sağlamlığına da müsbət təsir göstərir. Doğuşdan sonrakı qanaxmaların, anemiyanın yaranma ehtimalını azaldır, süd vəziləri və yumurtalıqları müxtəlif şişlərdən qoruyur, ilk 6 ayda növbəti hamiləlik riskini azaldır.
 
N. Quliyev qeyd edib ki, ana südü ilə qidalanmaya mane olan əsas səbəblərin 98-99%-i subyektiv (ana südünün çatışmazlığı), 1-2%- isə obyektiv səbəblər(hipoqalaktiya) təşkil edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar