Azərbaycanlı futbolçunu qətlə yetirən erməni haqda yeni məlumatlar ortaya çıxıb
22.04.2015 741 0.0 0

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunun ermənilər tərəfindən qətlə yetirilməsi bu ölkə mediasında da geniş rezonansa səbəb olub.

Məlumata görə, “Komsomolskaya pravda” bu qətl haqda geniş reportaj dərc edib.

Orada bildirilir ki, Emil Hüseynovu qətlə yetirən erməni Tiqran Çiçəkyan da idmançıdır, əlbəyaxa döyüş üzrə idman ustasıdır və Sverdlovsk yığma komandasının üzvüdür.

Müstəntiqlər hələ hadisənin necə baş verdiyini araşdırırlar, qətlin milli zəmində törədildiyinə dair versiyanı istintaq hələlik yaxına buraxmır. Hərçənd ki, Yekaterinburqdakı Azərbaycan diasporunun nümayəndələri qətlin məhz milli zəmində baş verdiyini, Tiqran Çiçəkyanın və daha dörd idmançının Emil Hüseynovun dostları ilə birlikdə yemək yediyi kafeyə daxil olaraq azərbaycanlıları söydüyünü, davanın da bundan sonra baş verdiyini bildiriblər.

“Komsomolskaya pravda” isə yazır ki, davanı kimin birinci başlatdığı dəqiq deyil. Buna baxmayaraq iki idmançı kafenin ortasında əvvəlcə bir-birinə bağırıb və hədələyib, daha sonra Tiqran masanın üstündən bıçağı götürərək Emilin ürəyindən zərbə endirib. Azərbaycanlı idmançı yerindəcə keçinib.

Qəzet 28 yaşlı Emilin qətlinin onun Azərbaycandakı yaxınlarını sarsıtdığını yazır.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib ki, Emil komandada 2006-cı ildə oynayıb. Onu hamı sevib və hörmət edib. Çox peşəkar oyunçu olub. Talantlı futbolçu “Neftçi”dən “Karvan”a keçib, bir il bu komandada oynayıb.

“Karvan”da məşqçi işləmiş, hazırda gənclər üzrə Azərbaycan yığmasının məşqçisi olan Təbriz Həsənov da deyir ki, Emil böyük ümidlər bəslənən futbolçu idi. Mehriban idi, oyunda da kobudluq etmirdi, ən yaxşı idmançılardan biri sayılırdı.

“Karvan”dan sonra Emil “Abşeron” klubuna keçib və orada birinci liqanın qalibi olub. Ancaq bundan sonra gözlənilmədən futbolu atıb, Yekaterinburqdakı qohumlarının yanına gedib və orada tikintidə işləməyə başlayıb.

Qətl baş verən gün isə Emil xəstə atasına baş çəkmək üçün Bakıya gəlməyə hazırlaşırdı.

Emilin tanışı, hadisə zamanı orada olan Gülya adlı qız deyir ki, onlar dostlardan birinin ad gününü qeyd edirdilər. Bu zaman kafeyə daxil olan bir qrup şəxs onlara sataşıb. Bundan sonra dava başlayıb.

Tiqranın tanışları isə deyirlər ki, o, peşəkar idmançıdır, həftədə 6 gün məşq edir, iki ay sonra peşəkar turnirə qatılmalı idi. Erməninin tanışları iddia edir ki, o, davada başı partlayan qardaşını müdafiə etmək üçün bıçağa əl atıb.

İstintaq isə şərh vermir. Ancaq qatil ermənini 15 il həbs gözləyir./virtualaz.org/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar