«Aqrolizinq»də təmizləmə, Heydər Əsədov 10 nəfəri vəzifəsindən uzaqlaşdırdı
06.03.2015 762 0.0 0

Qazeta.info bildirir ki, bu gün Kənd Təsərrüfatı Nazirliyində “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş respublika müşavirəsi keçirilib. Müşavirədə  kənd təsərrüfatı nazirliyinin məsul işçiləri, “Aqrolizinq” ASC-nin,  Rayon Aqroservis filiallarının rəhbərləri, alimlər, texniki nəzarət müfəttişləri iştirak etmişlər. Nazir Heydər Əsədov tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışmış, 2015-ci ilin kənd təsərrüfatı ili elan olunmasının kənd təsərrüfatı işçilərinə göstərilən diqqət və qayğının təzahürü olduğunu və bununla bağlı bütün kənd təsərrüfatı işçilərinin, o cümlədən “Aqrolizinq” ASC-nin üzərinə böyük vəzifələr düşdüyünü qeyd etmiş və qarşıda duran vəzifələr barədə geniş məlumat verilib. 

“Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov cəmiyyətin illik fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, 2014-cü ildə Səhmdar Cəmiyyət tərəfindən 3681 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları, o cümlədən  508 ədəd taxılyığan kombayn, 1159 ədəd traktor, 2014 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları alınmış, onların 3457 ədədinin, o cümlədən müasir tələblərə cavab verən 492 ədəd taxılyığan kombayn, 1085 ədəd traktor, 1880 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikalarının respublikaya gətirilməsi təmin edilərək böyük əksəriyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə  verilmişdir. Eyni zamanda ötən ildə Səhmdar Cəmiyyət tərəfindən 3345 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 217 ədəd taxılyığan kombayn, 1307 ədəd traktor və 1821 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları mülkiyyət formasından asılı olmayaraq 1929 nəfər hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır. Qeyd etmək lazımdır ki, ötən dövr ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş və ya lizinq yolu ilə satılmış kənd təsərrüfatı texnikalarında 2013-cü illə müqayisədə 37.4 faiz, o cümlədən taxılyığan kombaynlar üzrə 57.2 faiz, traktorlar üzrə 47.7 faiz və digər kənd təsərrüfatı texnikaları üzrə 29.1 faiz, lizinq alanların sayında isə 33.6 faiz artım olmuşdur. Cənab Prezidentin Ehtiyat Fondundan Səhmdar Cəmiyyətə ayrılmış 23.5 mln manat büdcə və 9.33 mln manat təkrar istifadə vəsaiti hesabına xaricdən 32.83 mln manat dəyərində 11106 baş, o cümlədən 9900 baş Holştin-friz və 1206 baş Simmental cinsli damazlıq heyvanların və 5200 baş xırda buynuzlu (qoyun və keçi) damazlıq heyvanların alınması üçün müqavilələr bağlanmışdır. Təkcə son bir ildə alınan heyvanların sayı indiyədək Cəmiyyət tərəfindən gətirilmiş heyvanların ümumi sayından da artıqdır.

Müşavirəyə yekun vuran nazir Heydər Əsədov “Aqrolizinq” ASC-nin rayon filiallarındakı nöqsanlardan danışaraq fliallara rəhbərlik edən bəzi şəxslərin peşəkarlıq səviyyəsinin aşağı olması, lizinqə verilən texnikaların istifadəyə görə ödənişlərin vaxtında həyata keçirilmədiyi, mineral gübrələrin sənədləşməsində ciddi nöqsanlara yol verildiyi və gübrələrin dəyərinin vaxtlı-vaxtında ödənilmədiyinin nəzərə çatdırmışdır. Nazir Heydər Əsədov qeyd olunan nöqsan və çatışmazlıqların qısa müddətfdə aradan qaldırılması və “Aqrolizinq” ASC-nin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi barədə müvafiq tapşırıq və tövsiyələrini verib.

Nazir Heydər Əsədov qısa müddət ərzində elektron kənd təsərrüfatı sisteminin qurulması çərçivəsində “Aqrolizinq” ASC-də informasiya texnologiyalarının və elektron xidmətlərin tətbiqi, mütəxəssislərin informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılması, damazlıq heyvanların sığortalanma qaydalarının işlənməsi, aqroservis filiallarında mühasibat və uçot sisteminin yenidən qurulması, texnikadan səmərəli istifadə olunması, gübrəyə təlabatın düzgün müəyyənləşdirilməsi, ödənişlərin vaxtında aparılması barədə ciddi tapşırıq və tövsiyələr verdi.

Müşavirədə fəaliyyətində ciddi nöqsanlara yol vermiş 8 aqroservis filialının rəhbəri işdən azad olundu, 6 rayon aqroservis rəhbərinə isə fəaliyyəti araşdırıldıqdan sonra daha ciddi ölçü götürüləcəyi nəzərlərinə çatdırıl;b.

“Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədova xəbərdarlıq olundu, müavin Aydın Əzizova töhmət verildi, Aqrotexniki xidmət və təchizatın təşkili  şöbəsinin müdiri Sənan Zeynalov isə işdən azad olunub.

Yekunda  “Aqrolizinq” ASC-nin rayon Aqroservis filiallarının fəaliyyət mexanizminin təkmilləşdirilməsi, səmərələliyinin artırılması və strukturunun təkmilləşdirilməsi məqsədilə 12 regional nümayəndəliyin yaradılması məqsədəuyğun hesab olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar