`Kimsənin parlament istiqamətində hərəkətinə icazə verilmir`
07.06.2017 757 0.0 0

İran parlamentinin sədri Əli Laricani bu gün səhər parlament binasında baş vermiş terrora münasibət bildirib.

 

APA-nın Tehran bürosunun xəbərinə görə, Əli Laricani olayı kiçik bir hadisə adlandırıb: "Bir neçə qorxaq terrorçu parlamentin binasına soxulub və onlara qarşı ciddi tədbirlər görülüb. Elə də böyük şey deyil. Bu hadisə onu göstərir ki, terrorçular İran üçün problem yaratmaqda maraqlıdır. İran terrorizmlə mübarizədə fəal və təsiredici gücə malikdir, istəyirlər ki, İranın bu simasını korlasınlar. Təhlükəsizlik qüvvələri hökmən onlara qarşı ciddi ölçü götürəcək".

 

İranın Təhlükəsizlik Nazirliyi əhalidən şübhəli şəxslər gördükdə, dərhal xəbər vermələrini istəyib.

 
Tehran əyalətinin rəhbəri isə elan edib ki, hazırda paytaxtda vəziyyət stabildir və təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə götürüb.

 

APA İnformasiya Agentliyinin Tehran müxbiri Süleyman Fərzəliyev İran paytaxtındakı son durumla bağlı APA TV-yə açıqlama verib: "Hazırda Tehranda, İran parlamentinin yaxınlığındayıq. Baş verən hadisədə indiyə kimi 8 nəfər həlak olub. Terrorçular parlament binasında 4 nəfəri girov saxlayıblar. Özləri də millət vəkillərinin binanın son mərtəbələrində olan otaqlarına çəkiliblər. İran parlamentinin ətrafındakı küçələr tamamilə bağlanıb. Kimsənin ətraf küçələrdən parlament istiqamətində hərəkətinə icazə verilmir. İran saytları bu hücumu ölkə daxilində təhlükəsizliyin olmamasını göstərmək üçün təbliğat xarakterli hücumlar kimi dəyərləndirir. Hücum edənlərin kimliyi bəlli olmasa da, İŞİD terrorçuları olduğu ehtimal olunur. İran parlamenti binasının daxilində  partlayış baş verməsinə gəlincə isə, terrorçulardan biri dördüncü mərtəbədə özünü əl qumbarası ilə partladıb. Terrorçular pəncələri açaraq ətrafdakı camaata atəş açıblar. Küçədən keçənlərə, dinc sakinlərə atəş açıblar. İran xüsusi təyinatlıları parlamenti tam mühasirəyə alıblar və içəri daxil olublar".

 

Hazırda Tehranda təhlükəsizlik tədbirləri davam etdirilir. İranın Prezident Aparatı və digər xüsusi əhəmiyyətli obyektlər, eləcə də metro stansiyaları nəzarətə götürülüb.  

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar