Ucuz qurbanlıqlar 4 yerdə satılacaq - FOTO
11.09.2016 689 0.0 0
Sentyabrın 12-də saat 09:00-da Təzəpir məscidində Qurban bayramı münasibəti ilə bayram namazı qılınacaq. Bununla da bütün dünya müsəlmanları kimi Azərbaycan müsəlmanları da Qurban bayramını qeyd edəcəklər. Niyyəti olanlar qurban kəsib qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayacaqlar. 
 
Musavat.com-un əməkdaşı müşahidə edib ki, bu gündən etibarən artıq Bakıda bir çox yerlərdə qurbanlıq qoyunların satışı həyata keçirilir. 
 
Öncə qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin verdiyi açıqlamaya görə, bayram günlərində qurum gücləndirilmiş iş rejiminə keçəcək. Bayram günlərində (12-13 sentyabr) Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə birlikdə dörd ünvanda: “Nargilə”kafesinin yanı, “Meyvəli” ticarət mərkəzinin yaxınlığı, “Keşlə” bazarının yanı, Şərifzadə küçəsində qurbanlıq heyvanların satışını təşkil edəcək. Həmin satış yerlərində qiymətlərin digər yerlərdən ucuz olacağı bildirilir. 
 
Hazırda isə Bakıda qurbanlıq qoyunlar müxtəlif qiymətə satılır. Söhbət etdiyimiz satıcılar bildirirlər ki, artıq bayrama bir gün qalsa da, qoyunların çoxu bayram günü üçün sifariş olunub. Satıcı Vüsal Hüseynov bildirdi ki, ətin qiyməti 9 manatdan hesablanır: “Müxtəlif qiymətə qoyunlarımız var. İnsanlar daha çox kiçik quzulara üstünlük verirlər. Onların isə qiyməti 90 manatdan başlayaraq dəyişir. 110, 120, 150 manata da qoyunlarımız var. Diri qoyunu çəkirik, sonra çəkini yarıya bölüb qiyməti təyin edirik. Artıq qurbanlıq qoyunların böyük əksəriyyətinin öncədən qiymətinin müəyyən bir qismi alıcılar tərəfindən ödənilib.  Bir halı da qeyd edim ki, qoyunların çəkisi artdıqca, qiymət aşağı düşür. İnsanlar isə daha çox yuxarıda qeyd etdiyim kimi, az çəkili quzulara üstünlük verirlər”.
 
Bakıda satılan qoyunların əksəriyyətinin Qarabağ zonasından gətirildiyi bildirildi.  Bir çox ət mağazalarının yanında da kiçik yerdə qoyunlar satılır ki, onların da qiymətləri, demək olar ki, yuxarıda qeyd etdiyimiz kimidir.
 
Qeyd edək ki, ölkədə Qurban bayramı 12-13 sentyabr tarixlərində qeyd olunur. 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar