Tərtərdən reportajı: Top səsi gəlmir, amma dağıntıların miqyası böyükdür
06.04.2016 467 0.0 0

Cəbhə xəttində əməliyyatlar dayandırıldıqdan sonra Tərtərdə mərmi partlayışı səsləri eşidilmir. Amma son dörd-beş gündə rayonun bir sıra yaşayış məntəqələri ciddi dağıntılara məruz qalıb.

Qazeta.info AZƏRTAC-ın verdiyi məlumata əsasən bildirir ki, ermənilərin aprelin 1-də gecədən başlayaraq törətdiyi təxribatlar nəticəsində rayona və dinc sakinlərə böyük zərər dəyib. Dünən səhərə yaxın İsmayılbəyli kəndində 15 yaşayış məntəqəsini elektrik enerjisi ilə təmin edən yarımstansiya düşmən tərəfindən topla vurularaq sıradan çıxarılıb. Ermənilər bilərəkdən infrastruktur obyektlərini hədəfə alaraq yaşayış məntəqələrinə maksimum zərər vurmağa çalışıb.

Tərtərdə cəbhə xəttindən 10 kilometrə qədər aralıda yerləşən kəndlər belə aramsız atəşə tutulub. Evinə mərmi düşən Mirzə Rəhimov deyir ki, ölümdən xoşbəxt təsadüf xilas olublar: “Yaxşı ki həyətdə idik. Qəflətən mərmi partladı. Evdə salamat yer qalmayıb”.

Bu kənddə digər mərmi qonşunun həyətinə düşüb. Evin sakini Kifayət Məmmədova baş verənləri belə təsvir edir: “Evdə oturmuşduq, birdən həyətdə alov qalxdı. Əvvəlcə nə baş verdiyini anlamadıq. Qardaşım qızı və digər bir qohumum yaralandı. Hazırda xəstəxanadadırlar. Hələ də özümə gələ bilmirəm”.

Düyərli kəndində də dağıntılar və mülki əhali arasında zərər çəkənlər var. Evlərin birinin həyətində partlayan mərmi iki nəfərin yaralanmasına səbəb olub. Tərtər şəhərinin özü də atəşə məruz qalıb, bir neçə ev dağıdılıb.

Ermənilərin döyüşlər gedən ərazidən xeyli uzaqda yerləşən yaşayış məntəqələrini hədəfə alması onların təxribat törətməklə cəbhə xəttində gərginliyi qəsdən artırmaq niyyətini açıq-aşkar təsdiqləyir.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar