TƏHSİL NAZİRİ MAAŞLARDA ARTIM MƏSƏLƏSİNƏ TAM AYDINLIQ GƏTİRDİ
17.01.2015 793 0.0 0

Təhsil Nazirliyində “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmələrinin rəhbərləri, qeyr-hökumət təşkilatlarının nümayəndələri, təhsil ekspertləri iştirak edib.
Təhsil naziri Mikayıl Cabbarov dövlət başçısının dərs yükü normasının 1,5 dəfə, əməkhaqqının 2 dəfə artırılması barədə sərəncamını müəllim peşəsinə diqqətin ən bariz nümunəsi adlandırıb. Nazir bildirib ki, dövlət başçısı növbəti dəfə böyük siyasi iradə göstərərək insan kapitalının inkişafına yönəlmiş cəsarətli və uzaqgörən addım atıb. Əhalinin aztəminatlı kateqoriyasına aid müəllimlərin maddi güzarım yaxşılaşdırılması məqsədi ilə verilən qərar dünyada baş verən proseslər nəticəsində yaranmış əlverişsiz şəraitdə belə Azərbaycan Respublikası Prezidentinin sadə insanların rifahı haqqında düşündüyünü və əsas vəzifəsini xalqına şərəflə xidmət etməkdə gördüyünü bir daha təsdiq edir.
Nazir qeyd edib ki, dərs yükü normasının, həmçinin əmək haqqının artırılması müəllimlərin aylıq gəlirinə əhəmiyyətli dərəcədə təsir edəcək: "Azərbaycanda müəllimlərin gəlirlərinin azlığının səbəbi yalnız 1 saat əməyə görə ödənilən məbləğin aşağı olması deyil, həmçinin müəllimlərin iş saatının az olmasıdır. Müəllimlərimizin 64 faizi il ərzində 408 saatdan az dərs deyir. Bu isə o deməkdir ki, onların həftəlik dərs yükü 17 akademik saatdan azdır ".
Mikayıl Cabbarov tezliklə bölgələrdə sınaq qiymətləndirilməsinin aparılacağını və bunun nəticəsində həmin bölgələrdə yaşayan müəllimlərin də əmək haqqının artacağını deyib. Bu işin sistemli şəkildə mərhələlərlə həyata keçiriləcəyini deyən nazir sınaq qiymətləndirilməsinin müəllimlərin özləri üçün də faydalı olduğunu vurğulayıb. Onun fikrincə, bu proses müəllimlərə öz zəif və güclü tərəflərini müəyyənləşdirməyə, çatışmayan cəhətləri aradan qaldırmağa kömək edir. Nazir xatırladıb ki, paytaxtda aparılan sınaq qiymətləndirilməsinin nəticəsi olaraq bu prosesdə iştirak etmiş müəllimlərin orta dərs yükü 18 saatadək qaldırılıb.
Konfransda təhsil ekspertləri dövlət başçısının sərəncamını yüksək qiymətləndirərək bu addımın təhsilin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə təsir edəcəyini bildiriblər.
Mətbuat konfransında təhsil naziri jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar