Sürücülərə şad xəbər-Ələt-Astara yolunda maneə aradan qaldırıldı-Foto
09.06.2015 1118 0.0 0

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 72-ci kilometrliyində, Mil-Muğan kollektorunun üzərində yerləşən və qəzalı vəziyyətə düşmüş avtomobil körpüsündə aparılan təmir işləri yekunlaşıb. Bu gündən etibarən körpü üzərində tam olaraq nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Qazeta.info “Azəryolservis” ASC-yə istinadla bildirir ki, körpü üzərində nəqliyyat vasitələrinin intensivliyi nəzərə alınaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən təmir-tikinti işlərinin keyfiyyətlə və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilmişdi.  Körpüdə aparılmış təmir-tikinti işləri zamanı normadan artıq yüklənmiş ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində sınmış 4 ədəd dəmir-beton tirlər dəyişdirilib. Qəza baş vermiş hərəkət zolağı boyunca 90 metrlik aşırım tirləri üzərində dəmir-beton karkas yığılaraq üstü betonlanıb.

Xatırladaq ki, 1991-ci ildə inşa olunmuş, uzunluğu 90 metr, eni 18 metrdir və 5 aşırımdan ibarət körpü bu ilin may ayının 28-də qəzalı vəziyyətə düşmüşdü. Bakı şəhəri istiqamətində hərəkət edən normadan artıq yüklənmiş daha bir  ağır tonnajlı maşının körpü üzərindən keçməsindən sonra körpünün 2-ci və 3-cü aşırımlarının 4 aşırım tirində sınma baş vermişdi. Nəticədə həmin hərkət zolağı ilə nəqliyyat vasitələrinin hərəkəti dayandırılmışdı.Yalnız körpünün digər hərəkət hissəsi ilə hər iki istiqamətə minik avtomobillərin hərəkəti növbəli şəkildə təmin olunurdu. Alternativ olaraq ağır tonnajlı maşınlar isə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 90-ci kilometrliyindən, Biləsuvar rayonu ərazisindən yeni salınan avtomobil magistralına çıxıb “servis yolu”ndan istifadə etməklə yenidən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 57-ci kilometrliyinə çıxa bilirdilər.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar