Şou biznes nümayəndələrinin vergiyə cəlb olunması gündəmə gəlir
17.11.2015 676 0.0 0

 


"Şou-biznes nümayəndələrini tam şəkildə vergiyə cəlb etmək üçün ictimaiyyətin dəstəyinə böyük ehtiyac var".Qazeta.info APA TV-nin məlumata əsasən bildirir ki, bunu vergilər nazirinin müavini Natiq Əmirov bu gün Vergilər Nazirliyinin fəaliyyətinin 10 aylıq nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
 
Onun sözlərinə görə, konsert salonlarında bilet satışı əsasında keçirilən tədbirlər hesabına əldə edilmiş gəlirin vergiyə cəlb edilməsində problem yoxdur: “Bizdə heç bir insan müğənniyə verdiyi pulu, toylara xərclədiyi vəsaiti açıqlamır. Ümid edirik ki, insanlar tədricən toyda oxumaq üçün müğənnilərə verdikləri pullardan dövlət büdcəsinə çatmalı olan məbləğ barədə də düşünəcək və lazımi məlumatları vergi orqanlarına çatdıracaqlar”.
 
Natiq Əmirov nazir Fazil Məmmədovun işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib: “Daimi ünsiyyətdə olduğumuz mətbu orqanlarda belə məlumatlar getməyib. Cəmiyyətdə, ailə daxilində də hər hansı söhbətlər olur. Hər bir nazirin işdən çıxarılması prezidentin səlahiyyətlərinə aiddir və bununla bağlı informasiya yaymaq tərəfimizdən ədəbsizlik kimi qəbul edilir. Hazırda nazirliyin fəaliyyətində problemin olduğunu müşahidə etmirik.  Qarşıya qoyulan vəzifələr icra edilib. Ciddi qəbul etdiyimiz heç bir mətbu orqanda bu haqda məlumat görməmişik”.
 
Nazir müavini ölkədə bir sıra  obyektlərin açılıb-bağlanması məsələsinə də münasibət bildirib. O bunun dinamik proses olduğunu vurğulayıb: “Hər il yeni obyektlər açılıb bağlanır. Yeni açılan obyektlərin sayı fəaliyyətini dayandıran obyektlərin sayı ilə müqayisədə kifayət qədər çoxdur. Çalışırıq ki, əhali işsiz qalmasın”.
 
Natiq Əmirov Vergilər Nazirliyində ixtisarlar bağlı məsələyə  də aydınlıq gətirib: "O ki qaldı Vergilər Nazirliyinin ümumi say ştat cədvəlinin azalmasına təbii ki, bu olmayacaq. Çünki Vergilər Nazirliyinin istər bölgədə, istərsə də MDB və Şərqi Avropa dövlətləri ilə müqayisədə ştat sayına baxsanız, bizdə ştat sayının inanılmaz dərəcədə az olduğunu görəcəksiniz. Təqribən 2200 vergi işçisi var. Bizdə informasiya texnologiyalarının tətbiqi ilə həyata keçirilən vergi yığmaları digər ölkələrdən çoxdur".

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar