Siyavuş Novruzov: `Onların bəyanatını aeroporta tullamaq lazımdır ki, gedəndə özləri ilə aparsınlar`
12.04.2018 5581 0.0 0

“Azərbaycan xalqı rəhbərini, prezidentini seçdi. Konstitusiyamızda yazılıb ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Xalqımız da bu seçkidə öz sözünü dedi”.

 

Məlumata görə, bunu Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) müşahidə missiyalarının bəyanatlarına münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, prezident seçkilərində prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov deyib.

 

S. Novruzov bildirib ki, seçkini müşahidə etməyə gəlmiş ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyalarının üzvləri başqa şeylər desələr də, seçkilərdə başqa bir şeylə rastlaşdılar: “Gördülər ki, hər bir seçki məntəqəsinin qarşısında növbələr var, insanlar seçkiyə ən yaxşı paltarlarını geyinib gəliblər, övladları, nəvələri ilə gəliblər. İnsanlar bu seçkiyə dövlətçiliyin taleyini həll etməyə, gələcək təhlükəsizliyin təminatını verməyə, iqtisadi inkişaf üçün gəliblər. Artıq həmin müşahidə missiyaları bunu həzm edə bilmirlər . Bu baxımdan onların həzm edə bilmədikləri məsələlər onların bəyanatlarında öz əksini tapıb”.

S. Novruzov həmin müşahidə missiyaları də 3 dəfə görüşdüyünü söyləyib: “Hər görüşdə hər birinə demişəm ki, xahiş edirəm ki, ədalətli mövqeyinizi bildirin. Əgər hər hansı çatışmayan cəhətimiz varsa, göstərin, harada yaxşı cəhətimiz varsa, onları da deyin. Dedim, biz elə xalqıq ki, hər bir şeyi qəbul edirik, amma bizim üzərimizdə ağalığı ömür boy qəbul etmirik. Dedim ki, biz bu xalqın nümayəndələriyik, prezident də bizim rəhbərimizdir, ömür boyu ədalətsizliyə qarşı mübarizə aparıb. Heydər Əliyev də, İlham Əliyevdə ədalətsizliyə qarşı mübarizə ilə tanınıb. Bu qurumlar bildirirlər ki, əhalisinin 90 faizi yazı-pozu bilməyən Əfqanıstanda seçki demokratikdir, Şərqdə ilk demokratik respublika quran xalqa isə deyirlər ki, seçkilərdə müxtəlif pozuntular olub. Mən həmin qurumların müşahidə missiyalarının bəyanatını qəbul etmirəm. O bəyanatları aeroporta tullamaq lazımdır ki, gedəndə özləri ilə aparsınlar. Əsas Azərbaycan xalqı, seçkilərdə iştirak edən insanlardır. İnsanlarımız seçkiyə gəldi, münasibətini bildirdi. Hər hansı narazılıq olsa, insanlar küçələrə çıxmalı idilər. Bu gün narazılığını bildirmək üçün küçəyə çıxmış bir adam görürsüz? Deməli, bu, nəticə, göstəricidir. Hamı toyla, bayramla gələcək strategiyanı müəyyənləşdirdi. Belə fikirlərlə həmin qurumlar artıq adi bir ictimai təşkilata çevriliblər, fikirləri məni maraqlandırmır”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar