Şahin Mustafayev: «İşğal olunmuş ərazilərində fəaliyyət göstərən İran şirkətlərinə qarşı tədbirlər görülməlidir»
16.04.2015 784 0.0 0

Aprelin 16-da iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə görüşüb.
 

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin xüsusi əhəmiyyətini vurğulamışdır. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının fəaliyyəti, keçirilən görüşlər, imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verir. Bildirilmişdir ki, Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyəsi iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. Hazırda iki ölkə arasında neft-qaz, energetika, sənaye, maliyyə-bank, turizm, ticarət, gömrük, meliorasiya sahələrində əməkdaşlıq uğurla davam edir, əczaçılıq, neft-kimya sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Dövlət Komissiyasının Tehranda keçiriləcək növbəti iclasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.
 

Nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, tarixi abidələrin, məscid və ibadətgahların, qəbiristanlıqların dağıdıldığını diqqətə çatdırmışdır. Bir sıra İran şirkətlərinin işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərdiyini qeyd edən Şahin Mustafayev bildirmişdir ki, İran Hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlər görülməlidir.
İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulamış, qarşılıqlı dostluq və etimada əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşmüş, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etmişdir. Rəhbərlik etdiyi Nazirliyin fəaliyyəti barədə məlumat verən Əli Rəbii iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar