Şagirdlərin xaricdən ölkə məktəblərinə yerdəyişmə qaydası açıqlanıb
30.03.2022 127 0.0 0

Şagirdlərin xarici ölkələrdən Azərbaycanın ümumi təhsil müəssisələrinə yerdəyişməsinin hansı qaydada aparıldığı açıqlanıb.

Təhsil Nazirliyindən verilən xəbərə görə, I–IX siniflərdə təhsil alan şagirdlərin valideynləri övladının təhsilini davam etdirməsi üçün seçdiyi məktəbin direktoruna ərizə ilə müraciət edir. Ərizəyə şagirdin əvvəl oxuduğu məktəbin direktoru tərəfindən təsdiq olunmuş qiymət cədvəli əlavə olunmaqla şagirdin müəyyən dövrə qədər təhsil aldığı barədə arayış əlavə olunur. Təqdim olunan sənədlər əsasında şagirdin təhsil alacağı sinfi müəyyənləşdirildikdən sonra, ona müraciət etdiyi məktəb tərəfindən "Ümumi təhsil müəssisələrinin informasiya sistemi" (UTİS) vasitəsilə "Şərti UTİS" kodu alınır.Qeyd edilib ki, şagirdin valideyni (digər qanuni nümayəndə) ilk növbədə, özünün şəxsiyyət vəsiqəsi ilə şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) qeydiyyatdan keçir və şagirdin "Şərti UTİS kodu"nu portala daxil etməklə qeydiyyat prosesini tamamlamış olur. Qeydiyyat prosesi tamamlandıqdan sonra valideyn və ya digər qanuni nümayəndə tərəfindən seçdiyi ümumi təhsil müəssisəsinin müvafiq sinfində boş şagird yeri olduğu təqdirdə sorğu yerləşdirilir. Şagird xarici ölkədə təhsil alması barədə sənəd təqdim edə bilmədikdə və ya təqdim olunmuş sənədlərdən şagirdin qəbul olunmalı sinfini müəyyən etmək mümkün olmadıqda isə valideyn və ya qanuni nümayəndə yerli təhsili idarəetmə orqanına müraciət etməlidir. I-XI siniflərdə oxuduğu iddia edilən şagirdin həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır. Komissiyanın rəyi əsasında şagirdin təhsil alacağı sinfi müəyyənləşdirilir. Məktəb seçimi mərhələsində seçdiyi ümumi təhsil müəssisəsində boş yer olmadığı halda valideyn digər məktəbi seçməlidir.

Xarici ölkələrdən gələn və ümumi təhsil müəssisələrinin Azərbaycan dili istisna olmaqla, digər dillərdə tədris aparılan siniflərinə yerdəyişmə etmiş IX və XI sinif şagirdləri buraxılış imtahanlarında Azərbaycan dili fənnindən ayrıca imtahan verib verməyəcəkləri məsələsinə də aydınlıq gətirilib. Bildirilib ki, Azərbaycan dili istisna olmaqla, digər dillərdə təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verməlidirlər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar