Sabiq MTN generalının məhkəməsində keçmiş bank əməkdaşı ifadə verib
16.11.2021 268 0.0 0

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bildirək ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Hüseyn Səfərov dindirilib.

O deyib ki, təqsirləndirilən M.Şıxəliyev, V.Ələkbərov və digərləri ona qarşı cinayət törədiblər: "2008-ci ilin oktyabrında onlar məni özlərinin uydurduqları cinayət işi üzrə qanunsuz olaraq girov götürüb 67 gün MTN-in binasında, İstintaq İdarəsində saxlayıblar. Hər gün MTN-dəki müstəntiqlərin kabinetində oturub qohum-qardaşımın bu cinayətkar dəstənin məndən tələb etdikləri 3 milyon dolların toplanmasını gözləmişəm. Mövlam Şixəliyev həmin vaxt 5 dəfə məni kabinetinə çağırtdırıb pul tələb edib.

Qohumlarım 1 milyon 650 min dollar düzəldib oğlum Rüstəmə verdilər. Oğlum həmin məbləği MTN-nin binası yaxınlığında Vüsal Ələkbərova verdi. Pulu aldılar, məni də bir neçə gün sonra buraxdılar. Bunlar məni saxlayanda bankların birində filial müdiri vəzifəsində işləyirdim. Dedilər ki, pulu verməsən, məni də, oğlumu da həbs edəcəklər".

Daha sonra H.Səfərov barəsində həbs qətimkan tədbiri seçilməyən V.Ələkbərovun həbs olunmasını tələb edib.

Növbəti proses noyabrın 23-nə təyin olunub.

Xatırladaq ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var./report/


Loading...
Digər xəbərlər:
Şərhlər
avatar