Sabah I və IV ixtisas qrupları üçün qəbul imtahanı keçirəcək
23.05.2015 610 0.0 0

TQDK mayın 24-də I və IV ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı keçirəcək.
Qazeta.info Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına  (TQDK) istinadla bildirir ki, may ayının 24-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 29 binada aparılacaq. 

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. 

İmtahanın gedişini işıqlandırmaq üçün 70 - dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçmişdir. 

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 17-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. 

Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər: 
- şəxsiyyəti təsdiq edən sənədin əsli; 
- “İmtahana buraxılış vərəqəsi". 

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. 

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar. 

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər. 

Məlumat üçün bildirək ki, imtahanda 15224 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 12785 nəfəri I qrup üzrə, 2439 nəfəri IV qrup üzrə imtahan verəcəkdir. 

Abituriyentlərdən 14424 nəfəri (I qrup üzrə 12126 nəfər, IV qrup üzrə 2298 nəfər) Azərbaycan bölməsinin, 800 nəfəri (I qrup üzrə 659 nəfər, IV qrup üzrə 141 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9264 nəfəri (I qrup üzrə 8179 nəfər, IV qrup üzrə 1085 nəfər) oğlanlar, 5960 nəfəri (I qrup üzrə 4606 nəfər, IV qrup üzrə 1354 nəfər) isə qızlardır. 

13338 nəfər orta ümumtəhsil məktəblərinin, 226 nəfər ali təhsil müəssisələrinin, 1660 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 38 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənci isə 1998-ci ildəndir. 

Bakı şəhərində 7514, Naxçıvanda 801, Gəncədə 1808, Sumqayıtda 1272, Mingəçevirdə 531, Şəkidə 581, Ağcabədidə 406, Göyçayda 549, Şirvanda 445, Lənkəranda 744, Xaçmazda isə 573 abituriyentin imtahan verəcəyi gözlənilir. 

İmtahanların idarə olunmasına 106 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1271 nəzarətçi-müəllim cəlb olunacaqdır. 

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.   


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar