Riqa sammitinin yekun Bəyannaməsində Azərbaycanla bağlı hansı məqamlar vurğulanır?
23.05.2015 588 0.0 0

Cənubi Qaz Dəhlizinin reallaşması, Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri layihələrinin həyata keçirilməsində Azərbaycanın xüsusi rolu vurğulanıb

“Şərq tərəfdaşlığı” sammiti iştirakçıları regiondakı münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində tez bir zamanda həllinin vacibliyini qeyd ediblər.
 
Məlumata görə, bu barədə “Şərq tərəfdaşlığı” proqramının Riqa sammitinin 30 maddədən ibarət yekun Bəyannaməsində deyilir.
 
Bəyanata əsasən münaqişələrin həlli, etimadın və yaxşı qonşuluq münasibətlərinin qurulması iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün vacibdir: “Sammit iştirakçıları Avropa İttifaqının stabilliyi və etimadın qurulmasını təşviq etmək sahəsindəki töhfəsini dəstəkləyib və Aİ-nin bu işlə daha güclü məşğul olmasının vacibliyini vurğulayıb. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərinə,  o cümlədən prezidentlər səviyyəsində görüşlərə və onların 2009-cu il bəyanatlarına dəstəklərini bir daha ifadə ediblər”.
 
Riqa Bəyannaməsinin 3-cü maddəsində qeyd olunur ki, Avropa İttifaqı bütün tərəfdaş dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyinə münasibətdə öhdəliyinə sadiqdir.
 
Bu isə Avropa İttifaqının tərəfdaş dövlətlərdən biri kimi Azərbaycanın da ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edir. Eyni zamanda bəyanatın 3-cü bəndində 1975-ci il Helsinki Yekun Aktı və 1990-cı il ATƏT-in Paris xartiyası, eləcə də BMT nizamnaməsinin prinsip və müddəalarına sadiqlik ifadə olunur. 1975-ci il Helsinki Yekun Aktı, Paris xartiyası və BMT nizamnaməsi dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzü, güc tətbiq edərək ərazilərin əldə edilməsini qəbuledilməz hesab edir və ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını təsbit edir.
 
Bəyannamənin 5-ci maddəsində regionda olan münaqişələrin ən tez zamanda beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanır. ATƏT-in Minsk Qrupunun, eləcə də prezidentlər səviyyəsində olan səylərinə və 2009-cu ildən qəbul olunmuş bəyanatlarına dəstək ifadə olunur. 2009-cu ildən etibarən ATƏT-in Minsk qrupu tərəfindən qəbul edilmiş bəyanatlarda isə əsasən mövcud status kvonun qəbuledilməzliyi vurğulanır. Mövcud status kvonun əsasını isə işğal və təcavüz təşkil edir. Onun dəyişdirilməsi üçün ilk növbədə işğal və təcavüz aradan qaldırılmalıdır.
 
Sənədin  24-cü bənddə isə Azərbaycanda ilk dəfə keçiriləcək Bakı Avropa Oyunlarının əhəmiyyəti vurğulanır və sammit iştirakçılarının bu oyunları səbirsizliklə gözlədiyi bildirilir.
 
Bəyanatın 28-ci bənddə Cənub Qaz dəhlizinin həyata keçirilməsində və Cənub Qafqaz boru kəmərinin genişlənməsində və eləcə də TAP və TANAP layihələrinin icrasında Azərbaycanın rolu da vurğulanır.
 
Növbəti sammitin 2017-ci ildə keçirilməsi qərara alınıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar